Xəbərlər
Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirildi. Buna əsas verən Azərbaycan Ordusunun 44 günün hər gününü tarixə Zəfər günü kimi yazması oldu. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.
Tarixi Zəfərimizdən ötən hər gün Azərbaycanın 44 gündə qazandığı siyasi, hərbi, diplomatik uğurların necə qürurverici olduğunu nümayiş etdirir və bu inama əsas yaradır ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesi uğurla başa çatacaq və soydaşlarımızın Böyük Qayıdışı tam şəkildə həyata keçiriləcək.
Artıq iki ildir ki, azad olunan torpaqlarımız tarixi sahiblərinə qovuşaraq dağıntılardan quruculuq mərhələsinə keçdikləri üçün sevinclidirlər. 44 günlük Vətən müharibəsinin gedişi dövrüdə Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qazandığı uğurlar dünyanı heyrətləndirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaq.
Dövlət başçısı İlham Əliyevin İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri hər üç dövrün - 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə mərhələsinin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbə oldu. Cənab İlham Əliyev Azərbaycanın Qələbə qazanacağına böyük inamla yanaşaraq gələcəkdə hansı işlərin görüləcəyinin anonsunu da verdi. Həmin müsahibələr ölkəmizin informasiya cəbhəsində üstünlüyünün nümayişi oldu. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Belə ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin müsahibələrində gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu fikirləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla dayanmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, xalqının yenilməz övladını görürdülər.
Azərbaycan bu uğurlarının fonunda tarixi Zəfərə imza atdı. Ötən bu illər ərzində ən yüksək tribunalardan səsləndirilən çağırışlarımız arasında “Biz bu torpaqlara qayıdacağıq” xüsusi yer tutdu ki, bu gün onun sevincini, qürurunu yaşayırıq. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə uğurla inkişaf etdi, tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi məhz bu uğurlarımızın təqdimatı oldu.
Adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazan Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Son iki ildə Böyük Qayıdışa doğru atılan addımların miqyası ölçüyəgəlməzdir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.