Xəbərlər
Meksikanın Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır
Oktyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə səfirə təşəkkür edərək ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Azərbaycan və Meksika arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı üçün dövlət və özəl sektorun imkanlarından istifadə və bu məqsədlə müvafiq addımların atılmasının əhəmiyyətini vurğulayıb.
Səfir Rodriqo Labardini son illərdə Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrini toxunaraq ölkəmizin regional müstəvidəki rolunun vacibliyini vurğulayıb. Habelə, Azərbaycan və Meksika arasında ticarət sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov səfir R.Labardiniyə ən xoş arzularını çatdırıb və gələcək fəaliyyətində uğurlar arzulayıb.