YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1992-ci ilin 24 oktyabrı - tarixi gün kimi...

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Artıq tarixi həqiqətə çevrilmişdir ki,  müasir  müstəqil  Azərbaycanın  təzədən qurulub çiçəklənməsində, gündən-günə inkişaf edib dünyanın sivil ölkələrinin düzümünə, sırasına qoşulmasında ulu öndərimiz Heydər Əliyev ideyalarının və onun yaratdığı çoxminli, ümümxalq Yeni Azərbaycan Partiyasının çoxistiqamətli, çoxşaxəli rolu danılmazdır. Xilaskarlıq misiyası ilə dolu şanlı yollar keçən Yeni Azərbaycan Partiyasının yarandığı günlər həmişə gözlərimin önündə canlanır,- çətin, lakin şərəfli bir tarixin əbədi yaşayan, şanlı səhifələri kimi. Həmin dövrü yaşayan adamların yəqin ki, yadındadır  ölkəmiz “olum, ya qalım” dilemması qarşısında idi. İçəridə, ölkənin vəzifə dəhlizlərində hakimiyyət davası gedir, hər yerdə hərc-mərclik meydan sulayır, bayırda - sərhədlərimizdə isə  mənfur qonşumuz, erməni ekstremistləri fürsətdən istifadə edərək kəndlərimizi atəşə tutur, torpaqlarımızı işğal edirdilər. Təbiidir ki, Vətənimiz, xalqımız üçün belə ağır məqamlarda ilk növbədə ölkəmizin öncül ziyalıları susa bilməz, böyük, şanlı tarixi olan qədim Azərbaycanın taleyinə biganə qala bilməzdilər. Həmin bəlalı dövrün vəzifə başında olanları baş verən ictimai-siyasi hadisələrə nəinki  nəzarət edə bilmir, hətta müdaxilə etmək iqtidarında belə deyildilər. Cəmiyyət açıq-aşkar obyektiv qanunauyğunluqlardan daha artıq subyektiv mülahizələrlə idarə olunurdu, - əgər buna idarə etmək demək mümkündürsə! Küçələrdə, çayxanalarda meydan sulayan, hər yerdə, hər  küncdə-bucaqda demokratiyadan dəm vuran, o zaman hələ  təzə-təzə “özünü tanıyan” AXC-Müsavat cütlüyünün “qəhrəmanları”rəhbərliyin naşılığından, təcrübəsizliyindən istifadə edərək talançılıq edir, onsuz da tükənməkdə olan var-dövlətimizi ora-bura dartıb axıdırdılar. Vəziyyətin ağırlığı ucbatından çıxılmazlığa, ümidsizliyə qərq olan adlı-sanlı, yüksək ixtisaslı yüzlərlə soydaşlarımız ölkəni tərk edib mühacirət həyatı yaşamağı üstün tuturdular. Çünki hadisələrin bu cür dövr etməsi yaxın gələcəkdə heç bir sosial ədalətin, obyektivliyin, düzgünlüyün olacağını  diktə etmirdi. Heç bir ölçüyə-biçiyə sığmayan özbaşınalıqlar, ağır cinayətlər, - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və daha başqa cürbəcür dəhşətləri törədənlər cəzalandırılmırdı. Respublikamızın paytaxtı Bakı şəhərindən başqa ölkəmizin  müxtəlif şəhər və rayon mərkəzlərinin küçələri öz doğma, dədə-baba torpaqlarından didərgin düşüb, dərbədər olan soydaşlarımızla dolu idi. Onların halı-əhvalı, günü-güzəranı qəlb göynədir, ürək dağlayırdı. Ah-nalə baş alıb gedirdi. Necə deyərlər, artıq bıçaq sümüyə dirənmişdi. Belə bir zamamda ölkəmizin tanınmış, adlı-sanlı 91 nəfərdən ibarət ziyalısı xalqın böyük əkəriyyətinin tələbi və çağırışı ilə o zaman Naxçıvanda olan, son 100 ildə xalqın özü yetişdirdiyi dahi bir şəxsiyyətə - Heydər Əliyevə rəsmi müraciət ünvanladı. O tarixi müraciətdən artıq 30 il keçir. Ölkənin adı dillər əzbəri olmuş, sonra  canlı əfsanəyə dönmüş akademikləri olan  Ziya Bünyadovun, Fərəməz Maqsudovun, Ömər Eldarovun, xalq şairi Xəlil Rza Ulutürkün, yazıçı-publisist Sirus Təbrizlinin, Əməkdar hüquqşünas Murtuz Ələsgərovun, professorlardan Həsən Mirzəyevin, Əjdər İsmayılovun, Şahlar Əsgərovun, habelə nisbətən gənc ziyalılardan Əli Əhmədovun, Novruz Quliyevin, Xeyrəddin Qocanın, Vüqar Rəhimzadənin,  Munis Bayramovun və digər tanınmış ziyalıların imzaladıqları müraciətdə deyilirdi:

“Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə görürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük,  güclü,   nüfuzlu və  işlək  bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə  qadir olan  yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”.

Məsafəcə nisbətən uzaq, lakin mənəviyyatca, məna və məzmunca  çox yaxın o tarixi günlərə bir daha nəzər salaraq, həmin  “91-lər” hərakatının bir üzvü kimi indi  deyə bilərəm ki, bizim hamımıza  güc və cəsarət verən o böyük Ümid Qalası, bir az uzaqdan Bakıya-paytaxta, xalqının, Vətəninin taleyi üçün nigaran-nigaran boylanan o yenilməz Heydər Əliyevin şəxsiyyətinin miqyası, ideyalarının işığı ürəyimizə  təpər, ruhumuza qol-qanad bəxş edirdi.

Dahi şəxsiyyətin, yenilməz hakimiyyət ustadının cavabı çox çəkmədi. Xalq, Vətən vurğunu bilirdi ki, bütün ölkə, canı qədər sevdiyi doğma Azərbaycan onun sözünü gözləyir. Bəli, biz müraciətimizə elə də başlıq qoymuşduq: “AZƏRBAYCAN SİZİN SÖZÜNÜZÜ GÖZLƏYİR!”

24 oktyabr 1992-ci ildə Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə  cavabı gəldi. “Yeni, müstəqil Azərbaycan uğrunda” devizi altında yazılmış dərin məzmunlu, proqram xarakterli məktub belə başlayırdı: “Hörmətli ziyalılar. Sizin müraciətinizə cavab olaraq, bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən  səksəninci illərin əvvəllərindən başlamış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada  gedən ictimai-siyasi proseslərin zəruri  nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağılmasına, Kommunist  Partiyasının tarix səhnəsindən çıxmasına və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair  digər problemlər də məni narahat edir. Lakin sizin müraciətinizə cavab verərkən göstərdiyim məsələlərə  daha öncə diqqət yetirməyi lazım bilirəm. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycan  ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Böyük siyasət karifeyi cavab məktubunu bu sözlərlə bitirirdi:

“Əgər belə bir partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Bununla da Azərbaycanın xilas gününün təməli qoyuldu.  Əslində həmin gün-Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun fəaliyyətində fəal iştirak  etməklə  Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğu sahəsində artıq çoxdan müəyyənləşdirdiyi konsepsiya, prinsip və dəyərlər sistemini  hazırlamış, öz növbəsində milli ideologiya toplusu kimi nəzərdən keçirərək ictimai düşüncənin mühakiməsinə verməyə hazır idi.

Həmin tarixi cavabdan 28 gün sonra qədim, ulu Naxçıvanda soyuq, şaxtalı günlərdə Azərbaycana əbədi istilik, bahar şəfəqləri gətirəcək bir çoxminli, xilaskar  Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu ictimai-siyasi hadisə respublikada böyük əks – səda doğurdu. Hətta bir çox xarici ölkələrin aparıcı mətbu orqanları bu hadisəni yaydılar. Fəaliyyətə başlayan gündən dövlətçilik mövqeyində dayanan YAP keşiyində durduğu siyasi-ideoloji prinsiplərə, qarşısına qoyduğu məqsədlərə sadiq olaraq- müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət prinsiplərini əhatə edirdi.

Bu günlər 1992-ci ilin oktyabr, qızıl payızlı günlərini həmin partiyanın veteranı kimi bir daha xatırlayaraq Azərbaycan xalqını xoşbəxt, müstəqil Azərbaycan dövlətini əbədi və yenilməz sayaraq fəxr edirəm ki, ölkəmizin  dövlətçilik sükanı ulu öndərimiz Heydər Əliyevin siyasi varisi Qalib və Müzəffər Prezidentimiz İlham Əliyevin əlindədir.