YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı yeni inkişaf və tərəqqi mərhələsində

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycanın əsrarəngiz regionlarından biri olan Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Belə ki, işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün ölkəmizin müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmış, 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar erməni işğalçıları tərəfindən tamamilə dağıdılmışdı.

Onu da qeyd edək ki, Qubadlı rayonu coğrafi olaraq Azərbaycanın cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Rayonun səthi isə əsasən dağlıq ərazilərdən ibarətdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi isə Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən öz mineralları ilə zəngin olan qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əbəs deyil ki, “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzlər daim özünün bol məhsulları ilə seçilib. Rayon eyni zamanda təbii dərman bitkiləri ilə zəngin olması ilə yanaşı, Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qeyd edək ki, işğal dövründə rəsmi İrəvan bu torpaqlarımızda, xüsusilə Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Yaxın Şərq ölkələrindən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Lakin Azərbaycan xalqı da bilirdi ki, bütün bu faktlar müvəqqətidir və düşmən işğalından mütləq azad ediləcək.

25 oktyabr tarixi - Şanlı 44 günlük Vətən müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Düşmən şəhərdə güclü istehkamlar qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Bu baxımdan, Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər azad edilməli idi. Çünki erməni işağlçıları məhz bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi və nəinki şəhərə hakim olan yüksəklikləri, habelə ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı şəhəri oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin şücaəti nəticəsində düşməndən təmizləndi. Beləliklə, Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu!

Qubadlının yeni inkişaf dövrü də məhz Vətən müharibəsindən sonra start götürdü. Belə ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin verdiyi qərar və tapşırıqları əsasında Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı dinamik olaraq əməli-praktiki işlər aparılır. Artıq azad edilmiş torpaqlarda 7 yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf sürətini nəzərə almaqdadır. Statistik göstəricilərə görə, sovet hakimiyyəti illərində Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olmuşdur. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.

Artıq Qubadlıda dördzolaqlı yol da inşa edilir. Həyata keçirilən işlər nəticəsində bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər. Bütün bu reallıqlar rayonda istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaradacaqdır.