Xəbərlər
Tale Heydərov: Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin yüksək etimad qazandığını göstərir
Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin Avropa ailəsində yüksək etimad qazandığını göstərir.
Bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “Oxford University Press” nəşriyyatının Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı keçirilən təqdimat mərasimində deyib.
Azərbaycanın Avropa ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan T.Heydərov birinci Avropa Oyunlarının keçirilməsinin məsuliyyətinin qitənin idman elitası tərəfindən Azərbaycan dövlətinə həvalə olunmasını Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropa ailəsində qazandığı yüksək etimadın nəticəsi kimi qiymətləndirib. TEAS-ın sədri əlavə edib ki, bu qərar, həmçinin Azərbaycanın idman ölkəsi kimi yüksək statusa malik olmasının təzahürüdür. T.Heydərov vurğulayıb ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm də Azərbaycanın Avropa ilə əlaqələrinin uğurla inkişaf etdiyini göstərir.