Xəbərlər
Qurbanməmmet Elyasov: Türkmənistan qardaş Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir
Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova səfiri salamlayaraq, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanı qardaş Türkmənistanla ortaq mədəniyyət, tarix, dil və xalqlarımız arasında əlaqələr birləşdirir. Diqqətə çatdırıb ki, Azərbaycan Türkmənistanla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi qeyd edilib.
Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O bildirib ki, ölkələrimiz arasında imzalanmış yüzdən çox dövlətlərarası və hökumətlərarası sənəd münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin rolundan danışan Sahibə Qafarova cari ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkmənistan Milli Qenqeşi (parlament) Məclisinin sədri Gülşat Məmmədova ilə görüşünü məmnunluqla xatırlayıb. O, qanunverici orqanların əlaqələrinin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi parlamentlərarası əlaqələrlə yanaşı, digər sahələrdə də münasibətlərimizin inkişafına öz töhfələrini verir.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin olunması, beynəlxalq münasibətlər sistemindəki ikili standartlar, Azərbaycanın sülh səyləri və Ermənistanın uğursuz təxribatları barədə danışıb. Bildirib ki, Azərbaycan tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur və onu yubadır.
Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirən Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov Sahibə Qafarovanın təbrikinə görə təşəkkürünü ifadə edib və iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Diplomat Şuşaya səfərinin onda yaratdığı təəssüratları bölüşərək bu şəhərin qədim mədəniyyət ocağı olmasından, işğaldan azad edilmiş ərazilərdə görülmüş və görüləcək işlərlə tanışlığından danışıb.
Səfir diqqətə çatdırıb ki, Türkmənistan qardaş Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin inkişafında parlamentlərarası münasibətlər də mühüm rol oynayır.
Səfir Qurbanməmmet Elyasov xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini bildirib.
Söhbət zamanı Milli Məclisin sədri səfirin azərbaycanca danışmasını yüksək qiymətləndirib, bunun Azərbaycan mədəniyyətinə və dilinə böyük sevginin göstəricisi olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.