YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fergus Auld: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonağı salamlayan Sahibə Qafarova diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin sədri səfirin bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində çıxışını yüksək qiymətləndirərək, bunun diplomatın Azərbaycan dili və mədəniyyətinə hörmətinin göstəricisi olduğunu bildirib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf edir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Son 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. Qeyd olunub ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Krallığın "BP" şirkəti enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edib.

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, qanunverici orqanlarımız arasında sıx əlaqələr qurulub. O, cari il iyulun 12-13-də Birləşmiş Krallığa səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Deyib ki, bu, parlamentlərimiz arasında rəhbərlik səviyyəsində ilk səfər olub. Həmçinin Milli Məclisin sədri bu yaxınlarda İndoneziyada keçirilən G20 Parlament Sədrlərinin Sammiti çərçivəsində Ser Lindsi Hoyl ilə növbəti dəfə görüşdüyünü qeyd edib.

Sahibə Qafarova bildirib ki, parlamentarilərimiz beynəlxalq parlament təşkilatları çərçivəsində səmimi dialoq qurub. O, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının mühüm rolunu da qeyd edərək diqqətə çatdırıb ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynayırlar. Milli Məclisin sədri Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəyanatını yüksək qiymətləndirib.

Milli Məclisin sədri, həmçinin Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti, parlamentin tərkibi, siyasi partiyaların parlamentdə təmsilçiliyi və digər məsələlər barədə danışıb.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yaranmış vəziyyət barədə də səfirə məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, hazırda münaqişədən sonrakı dövrdə Azərbaycanın əsas prioriteti işğaldan azad edilmiş ərazilərin bərpası və tikintisi, keçmiş məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsidir. Ermənistanın həmin ərazilərdə çoxlu sayda mina basdırması bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. O, ərazilərimizin minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənməsində, həmçinin bərpa və yenidənqurma işlərində Birləşmiş Krallıq tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Sahibə Qafarova deyib ki, işğal qurbanı olmasına və işğal altındakı torpaqlarını azad edən ölkə olmasına baxmayaraq, son 2 ildə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirən Azərbaycandır. Diqqətə çatdırıb ki, Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq.

Ermənistanın sərhəddə təxribatlar törətməsi haqqında da məlumat verən Milli Məclisin sədri qeyd edib ki, əgər Ermənistan münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinsə, siyasi iradə nümayiş etdirsə və bu istiqamətdə praktik addımlar atsa, iki ölkə arasında sülh sazişi imzalana bilər. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanda fəaliyyətə başladıqdan sonra keçirdiyi görüşlər barədə Milli Məclisin sədrinə məlumat verib, xüsusilə Prezident İlham Əliyevlə görüşün onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən səfir münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, xüsusilə enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib. Fergus Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Səfir ölkəmizin alternativ və bərpaolunan enerji layihələrinin reallaşdırılmasında səylərinin vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, əlaqələrimizin mühüm bir hissəsidir.

O, Azərbaycan Milli Məclisi sədrinin Birləşmiş Krallığa rəsmi səfərini parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib, həmçinin Sahibə Qafarovanın Kraliça II Elizabetin vida mərasimində iştirakından məmnunluqlarını dilə gətirib.

Fergus Auld regionda sülh və təhlükəsizliyin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.