YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-da daha bir fiasko: ermənilərin planı baş tutmadı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının son iş günü Ermənistan nümayəndə heyətinin daha bir acı uğursuzluğu ilə başa çatıb.

Azərbaycan nümayəndə heyəti erməniləri növbəti dəfə bütün Assambleya qarşısında miskin vəziyyətə salıb. AŞPA payız sessiyasının sonuncu plenar iclası hər bir deputatın mövzu müəyyənləşdirərək çıxış edə biləcəyi “sərbəst müzakirələr”dən ibarət olur. Lakin Ermənistanı təmsil edən deputat H.Mamlanyan çıxış etməyə başlayan kimi Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ayağa qalxaraq, iclasın sədrinə müraciətlə onu çıxışını dayandırmağa vadar edib.

AŞPA Nizamnaməsinə görə, adı çıxışçı kimi əvvəlcədən müvafiq siyahıda olmayan parlamentarilərin çıxış etməsi və ya yerdən replikalar atması qadağan edilir. Yalnız bir halda deputat müdaxilə edə, növbədənkənar danışa bilər - iclasın aparılma qaydasında əsaslı qüsur olduğu halda. Belə hallarda hər bir parlamentarinin dərhal etiraz etmək və nöqsanın aradan götürülməsini tələb etmək haqqı var. Azərbaycanın AŞPA-dak nümayəndə heyətinin üzvü Rafael Hüseynov da erməni nümayəndəsi çıxışa başlayıb bir neçə cümlə söylədikdən sonra məhz həmin hüquqa istinadla, erməni deputatın çıxışı davam etdirlməsinə imkan verməyib.

“Avropa Şurasının təsdiq edilmiş qaydalarına görə, “sərbəst müzakirələr”də hər bir deputat mövzu seçib ayrılan vaxt ərzində həmin məsələ haqqında danışmaq azadlığı olsa da, hər halda bir məhdudiyyət var. Bəhs edilən mövzu cari sessiyanın gündəliyində yer alan hər hansı məruzə ilə kəsişməməlidir. Adətən bu haqda iclasa sədrlik edən “Sərbəst müzakirələr” başlanmazdan əvvəl bir daha xatırlatma edilməlidir. AŞPA-nın payız sessiyasının gündəliyində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı, cari müzakirələr xətti ilə ayrıca mövzu daxil edilmişdi və sessiyasının birinci iş günündə başqa ölkələrdən olan deputatlarla yanaşı, Azərbaycan və Ermənistan nümayəndə heyətinin üzvləri də bu barədə danışıblar. Demək, həmin mövzu bu sessiyadakı “sərbəst müzakirə”lərdə qəbul olunmuş qaydalara görə təkrarlana bilməz. Ancaq Ermənistan nümayəndəsi AŞPA-nın bu Nizamnamə tələbini pozur, şahidi olduğunuz kimi həmin münaqişə ilə bağlı dezinformasiya verir. Ona görə də iclasın sədrindən rica edirəm ki, təxirə salmadan bu çıxış dayandırılsın”,-deyə R. Hüseynov erməni deputatı qurumun qaydalarına riayət etməyi tələb edib.

Deputat Rafael Hüseynovun bu çıxışından sonra söz alan Ermənistan nümayəndə heyətinin iki üzvü Assambleyada fikir ifadəsi azadlığı olduğunu söyləyərək, həmkarlarına haqq qazandırmağa çalışsalar da, iclasın sədri bəyan edib ki, deputat Rafael Hüseynovun iradı haqlıdır, sessiyanın gündəliyində artıq olmuş bir mövzuda “sərbəst müzakirələr”də yenidən danışmaq yolverilməzdir. Əgər indi erməni deputat bu haqda danışırsa, onda qarşı tərəfə də söz verilməlidir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xeyli davam edən bu mübahisəyə qatılaraq, erməni nümayəndə heyətinin üzvü müzakirə olunmuş mövzu haqqında danışdığı üçün növbəti çıxışçının azərbaycanlı deputata olmasını və onun söylənilənlərə cavab verməsini tələb edib.

Ermənistanın nümayəndə heyəti bir daha özünü qurduğu tora düşüb. Plenar iclasın son çıxışçılarından biri kimi nitqinə başlayan Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov erməni yalanlarını ifşa edən və Ermənistan-Azərbaycan münaqişəsində əsl həqiqətləri ifadə edən təfərrüatları Assambleya üzvlərinin diqqətinə çatdırıb. Xocalı soyqırımı və Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqdan, orada aşkarlanan azərbaycanlıların cəsədlərinin erməni silahlı qüvvələri tərəfindən amansız işgəncələrlə məruz qalmasından danışaraq, Ermənistanın məhkəmə qarşısında cavab verməli olduğunu bildirib.

Qeyd edək ki, erməni nümayəndə heyəti yenə öz xislətlərinə uyğun olaraq AŞPA payız sessiyasını istədikləri istiqamətə yönəltməyə cəhd etsələr də, onların bu cəhdi baş tutmayıb. Ermənilər sessiyada xüsusi məruzə qəbul edilməsinə və ya sessiyanın gündəliyinə təcili müzakirə salmağa çalışsalar da, alınmayıb. Sessiyanın birinci günü yalnız cari məsələ kimi əvvəldən 1 saat nəzərdə tutulmuş müzakirələr, sonradan hətta 40 dəqiqədən də az vaxtda başa çatıb. Bu müzakirələr zamanı avropalı parlamentarilərin əksəriyyəti zalı tərk ediblər, ermənilərin boş danışıqlarını dinləmək həvəsində olmadıqlarını aydın göstəriblər.