Xəbərlər
Sülh prosesi ilə bağlı nikbinlik var
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsindən iki il keçir. Bu iki ildə nə qədər böyük dəyişikliklər baş verib? Tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər göz qabağındadır. Qısa müddətdə belə genişmiqyaslı işləri görmək dünya hərb tarixində istisna haldır. Müharibədən çıxan ölkənin dərhal bərpa-quruculuq işlərinə başlanması yalnız iqtisadi və maliyyə imkanları ilə deyil, illərin torpaq həsrətinin nəticəsidir. Xalqımız tam əmin idi ki, tezliklə dövlətimizin uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz bərpa ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Hər ay, hər gün Azərbaycanı Qələbəyə yaxınlaşdırırdı və nail olduq.
Müharibə başa çatan kimi Azərbaycan dövləti Ermənistana sülh təklifini etdi. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması postmünaqişə dövrünün əsas çağırışıdır. Azərbaycanın iki ildə qeyd olunan istiqamətdə göstərdiyi səylər göz qabağındadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirən Azərbaycan Ermənistandan da eyni addımları atmağı tələb edir. Ermənistan nə edir?
30 illik işğal dövründə olduğu kimi, bu gün də Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün müxtəlif yollara əl atır, hərbi təxribatların törədilməsinə cəhdlər edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə alır.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Ağdamda keçirilən Azərbycan Milli Şəhərsalma Forumunda bir daha diqqəti ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərə, vandalizmə yönəldərək bildirdi ki, Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini - ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, gələcəkdə ərazi iddialarından çəkinməyi, güc tətbiq etməməyi və ya güc tətbiq etmək hədəsindən çəkinməyi, dövlət sərhədlərinin müəyyən edilməsini və kommunikasiyaların açılmasını irəli sürdük. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin hər bir görüşü ölkəmizin diplomatik qələbəsidir. Azərbaycanın milli maraqları təmin olunur. Aprel ayının 6-da keçirilən Brüssel görüşündə Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsip Ermənistanın baş naziri tərəfindən qəbul edildi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Avqustun 31-də keçirilən Brüssel görüşündə isə Ermənistanın baş naziri iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasının vacibliyini təsdiqlədi.
Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili fonunda Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun tribunasından bildirdi ki, sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var: “Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular.”
Reallıq budur ki, iki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. 30 il Azərbaycan sülh danışıqlarının səmərə verəcəyinə ümidini itirmədi. Təbii ki, bəzi dünya gücləri ədalət və beynəlxalq hüquq anlayışlarını maraqlarının arxasında gizlətməsəydilər, beynəlxalq problemə çevrilmiş Qarabağ münaqişəsi danışıqlar yolu ilə özünün ədalətli həllini tapardı. Amma bəzi dünya gücləri üçün beynəlxalq hüquq tamamilə unudulmuşdu. Buna görə Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda müsahibələrində beynəlxalq hüquqdan bəhs edərkən belə bir anlayışın mövcudluğuna şübhə ilə yanaşdı. Bir qədər də irəli gedərək belə bir sualla müraciət etdi ki, beynəlxal hüquq var?
Bu təhlillər göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik.
Bunlar ötən müddət ərzində baş verən hadisələrdir. Bu gün yeni çağırışlarla üz-üzəyik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar: “Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”