Xəbərlər
Strateji tərəfdaşlığın yeni mərhələsi

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.
Cənab İlham Əliyev çıxışlarında xarici siyasətimizin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı və quruma üzv olan ölkələrlə əməkdaşlığa xüsusi diqqət yönəldir. Bildirir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd etməliyik. Bu baxımdan ki, hər bir səfər müəyyən istiqamətləri əhatə edən sənədlərin imzalanması, eyni zamanda, aktual məsələlərin müzakirəsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyevin sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri də bu baxımdan diqqətçəkəndir. Dövlət başçısı İlham Əliyev bu ölkənin Prezidenti ilə təkbətək, həmçinin geniş tərkibdə görüşdə iki dost ölkənin münasibətlərinin dünəninə nəzər salaraq bildirmişdir ki, bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. «Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır» söyləyən ölkə Prezidenti onu da əlavə etdi ki, çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın böyük gələcəyi var.
Təbii ki, keçirilən görüşlərdə müzakirə olunan mövzularla bağlı gələcəkdə atılacaq praktiki addımlar münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək. Reallıq budur ki, Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Azərbaycan üçün Avropa bazarı, o cümlədən Bolqarıstan bazarı böyük maraq kəsb edir.
Bu gün böyük əminliklə qeyd edirik ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həm də qaz ixraçatçısıdır. Özünün enerjiyə olan tələbatını yüksək səviyyədə ödəyən ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin hər biri uğurlu sonluqla başa çatır və yeni layihələrin gündəmə gətirilməsində stimulverici amildir.
Bu gün Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafında enerji sektoru ilə yanaşı, digər sahələr də mühüm rol oynayr. Dövlət başçısı İlham Əliyev Bolqarıstana səfəri zamanı bu məqamı xüsusi qeyd etmişdir ki, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahə xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq.
Məhz keçilən yolun təhlilinə söykənərək bu əminlik ifadə olunur ki, gələcəkdə təmaslar çox olacaq və onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcək. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. 30 ildə imzalanan sənədlərin hər biri yeni inkişaf mərhələsi deməkdir. 2015-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu sənəddə əksini tapan bütün məsələlərin reallığa çevrilməsi bugünkü reallıqlardan aydın görünür. İki dost ölkənin strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Dövlət başçısı İlham Əliyevin Yunanıstan -Bolqarıstan Qaz İnterkonnektorunun açılışında iştirakı bir daha Azərbaycanın dünya birliyində yeri və roluna aydınlıq gətirdi. Yeni layihələr Avropanın enerji xəritəsini yenidən tərtib edir.