YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Vətən müharibəsinin azərbaycanlı veteranlarına Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fəxri nişanları təqdim edilib

Mayın 11-də Böyük Vətən müharibəsinin azərbaycanlı veteranlarına faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fəxri nişanları təqdim olunub. Fəxri nişanları Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təqdim edib.

Rusiyanın Bakıdakı səfirliyində keçirilən görüşdə səfir Vladimir Doroxin çıxış edərək N.Patruşevin Azərbaycana səfərinin faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə eyni vaxta düşdüyünü vurğulayaraq bildirib: “Bugünkü görüş bizim bu tarixə, Qələbəyə öz töhfəsini vermiş veteranlara münasibətimizin göstəricisidir”. V.Doroxin məlumat verib ki, hazırda Azərbaycanda Böyük Vətən müharibəsinin 1291 iştirakçısı yaşayır və onlar dövlət tərəfindən böyük qayğı ilə əhatə olunub. Səfir veteranları Rusiya-Azərbaycan münasibətlərinin, iki ölkə arasında əlaqələrin inkişafına kömək edən fəallar adlandırıb. Xüsusilə vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun imzaladığı ilk fərmanlardan biri əvvəlki hakimiyyətin təqvimdən pozmağa çalışdığı Qələbə Gününün bayram edilməsinin bərpası olub. Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu kursu davam etdirərək veteranlara böyük diqqətlə yanaşır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Böyük Vətən müharibəsində Qələbə bütün sovet xalqının - ön cəbhədə döyüşən və arxa cəbhədə səylərini əsirgəməyən insanların fədakarlığı nəticəsində əldə edilib. “Bu Qələbə on milyonlarla insanın həyatı bahasına başa gəlib. İndi deyirlər ki, 27 milyon insan itkisi olub. Düşünürəm ki, reallıqda bundan da çox olub”, - deyə N.Patruşev qeyd edib. Azərbaycanda həyata keçirilən irimiqyaslı quruculuq işlərindən valeh olduğunu bildirən qonaq Prezident İlham Əliyev ilə görüşü barədə deyib: “Görüş çox konstruktiv, faydalı keçdi. Biz ikitərəfli münasibətlər, çoxsahəli əlaqələri necə inkişaf etdirməyimiz barədə danışdıq”.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində veteranların böyük rolunu vurğulayan N.Patruşev görüşdə iştirak edən Tofiq Ağahüseynova, Aleksandr Qritçenkoya, Əbdülağa Cavadova, Sofya Cəfərovaya, Mariya Rzayevaya və Fatma Səttarovaya Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fəxri nişanlarını təqdim edib.

Mayın 9-da Moskvada keçirilən paradda iştirak edən Mariya Rzayeva həmin mərasimin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyev veteranlara qayğı göstərib, onlarla görüşüb, problemləri ilə maraqlanıb. Bu siyasəti bu gün Prezident İlham Əliyev davam etdirir. Rusiyada anadan olduğunu diqqətə çatdıran veteran ömrünün böyük hissəsinin Azərbaycan ilə bağlı olduğunu vurğulayaraq deyib: “Rusiyanı sevirəm, lakin həm də ikinci vətənim olan Azərbaycanı sevirəm”.