Xəbərlər
Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anılıb
Qaradağ rayonu Qobustan qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Aşıq Rza adına Mədəniyyət Evində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Qəhrəmanın oğlu İsmayıl Əliyev, döyüş və iş yoldaşları çıxış edərək Yusif Əliyevin şərəfli həyat və döyüş yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
Sonra 195, 223, 321 saylı tam orta məktəblərin şagirdləri vətənə, şəhidlərə, orduya həsr olunan şeirlər söyləyiblər.
Daha sonra tədbir iştirakçıları şəhidin xatirəsinə açılan ehsan süfrəsinə qatılıblar.
Qeyd edək ki, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Yusif Əliyev 1991-ci il sentyabrın 14-də Goranboy rayonunun Buzluq kəndinə hücuma keçən erməni quldurlarının qarşısını almaq üçün digər yoldaşları ilə birgə ölüm-dirim savaşına atılır. Qeyri-bərabər döyüşdə döyüş sursatı tükənsə də o, güllə yağışı altında Buzluğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir. Yusif Əliyevin nəşi ata-baba yurdu olan Ağsu rayonunun Rəhimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
