Xəbərlər
Uqandanın vitse-prezidenti: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bir çox ölkələr üçün nümunədir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar.
Nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsi ilə bağlı fikirlərini bölüşüb. Hərəkat çərçivəsində gənclər şəbəkəsinin, Parlament ölçüsünün təsis və inkişaf etdirildiyi vurğulanıb.
Cessika Roz Epel Alupo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunəvi olduğunu bildirib, növbəti mərhələdə Hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.