YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ŞƏT Sammiti Azərbaycanın sülhsevər təşəbbüslərinin göstəricisi oldu

Azərbaycan dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlarla əməkdaşlıq edir. Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində nüfuzu hər keçən gün daha da artan Azərbaycan bu gün etibarlı tərəfdaş kimi dünya ölkələrinin diqqət mərkəzindədir. Ölkəmizin üzv olduğu təşkilatlar daxilində fəal və nümunəvi fəaliyyəti dəfələrlə vurğulanıb, bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı təqdir edilib. Dünya ölkələri ilə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını, davamlı inkişafını prioritet istiqamətlərdən biri hesab edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı Pərvin Kərimzadə deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirakı sülhsevər və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edən, öz milli maraqlarını gerçəkləşdirən Azərbaycanın dünyamiqyaslı nüfuzunun, uğurlu xarici siyasətinin bir daha nümayişi oldu.

Sammitdə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasına verdiyi böyük töhfələrdən, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən, Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə böyük töhfə verəcəyini qeyd edib. Qürurverici haldır ki, Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi olan Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də haqlı olaraq qeyd etmişdir ki, ilk növbədə məhz nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycanla regional əməkdaşlığın inkişaf etdirilməsi onlar üçün xüsusi maraq doğurur.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammitində çıxış edərkən dövlət başçımız Sammit iştirakçılarının diqqətini Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlara yönəldərək, ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı təxribatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan edib ki, bu cür təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Ermənistan isə təxribatları ilə sazişin imzalanmasını əngəlləməyə çalışır. Prezident onu da vurğulayıb ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətsə də, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb.

Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatları iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə olduğunu bildirən Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti Azərbaycanın sülhsevər təşəbbüslərinin, iqtisadi, ticari-nəqliyyat sahələrinin inkşafında qazandığı uğurların göstəricisi oldu.