Xəbərlər
Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir
Sevinc Qasımova
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini
Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Qürurla qeyd edə bilərik ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Eləcə də yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq yuxarıda sadaladıqlarımıza nümunədir.
Xəzər dənizinin bütün sərhədyanı dövlətlər üçün strateji əhəmiyyəti var. Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Onu da bildirək ki, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Son dövrlər Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Buna görə də Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir və inanıram ki, tezliklə görülən işlər bəhrəsini verəcək.