Xəbərlər
Dünyanın diqqəti bir daha Qarabağda
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Ümumdünya Şəhər Formunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11- ci sessiyasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunan Prezident cənab İlham Əliyev iştirakçıların və formu izləyən dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycana, Qarabağa yönəltdi. Azərbaycan Prezidenti Ölkəmizin Beynəlxalq layihələrə açıq olduğunu vurğulamaqla yanaşı, Qarabağda erməni vandalizmini törətdiyi fəsadları, bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirəcəyi planları, layihələri də açıqladı. Prezident vurguladı: Sitat:”Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, hətta xarici mütəxəssislər onu “Qafqazın Hiroşiması” və ya “Ruhlar şəhəri” adlandırırlar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı ucaltmaq üçün bir dənə də olsun tikili tapmadı. Xarici diplomatlar, jurnalistlər, beynəlxalq QHT-lərin nümayəndələri, eləcə də diaspor nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizm aktlarının şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdiriblər. Azərbaycan işğal zamanı dağıdılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib. Bu istiqamətdə işlərini davam etdirməkdə qərarlıdır.” Göründüyü kimi Ermənistandan fərqli olaraq Azərbaycan sülhsevər dövlət olmaqla yanaşı, vandalizm, separatçı əməllərinin ağır fəsadlarını aradan qaldırmaq üçün mövcud imkanları səfərbər edir. Bu istiqamətdə atılan addımlar, hazırlanan layihələr, görüləcək bütün işlər dünya standartlarına, müasir dövrün tələblərinə uyğun həyata keçiriləcək. Forumda çıxışı zamanı Ölkə Prezidenti İşğaldan azad olunan ərazilərdə görülən işlərə də diqqəti çəkərək, Zəngilan rayonunun Ağalı kəndinin müasir infrastruktur tələblərə uyğun inşa olunduğunu bildirdi: “Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir”. Cənab Prezident çıxışında layihənin unikallığı, yaşıl enerjidən istifadə ilə yanaşı, artıq doğma torpaqlarından didərgin düşən sakinlərimizin ata- baba yurduna qaydışına da diqqət çəkdi.