YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı tamamilə dağılmış ərazilərdə yeni həyat qurur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Göygöl,  Kəlbəcər və Laçın rayonlarına səfəri proqram zənginliyilə yada qaldı. Silahlı Qüvvələr Günündə reallaşan səfər zamanı Kəlbəcər rayonunda yeni hərbi hissənin açılış mərasinin baş tutması isə çox böyük rəmzi məna kəsb edir. Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan çıxış edərək Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalından əziyyət çəkməsindən, ölkədə aparılan ordu quruculuğu məsələlərindən geniş bəhs etdi və Ermənistana sərt mesajlar verdi.

Son altı ayda artıq ikinci komando hərbi hissəsinin açılışı qeyd edilib. Hər iki müasir hərbi hissə işğaldan azad edilmiş ərazilərdə yaradılıb və hər iki hərbi hissənin açılış mərasimində ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özü şəxsən iştirak edib. Bütün bunlar onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir. Yeni yaradılan  komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Odur ki, güclü olmaq, orduquruculuğunu gücləndirmək müasir dünyada əsas amillərdəndir. Təbii ki, Azərbaycan özünümüdafiə məqsədi ilə öz ordusunu gücləndirir. Məhz güclü ordunun sayəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi. Ölkə başçısı hərbçilər qarşısında çıxışında bildirdi ki, Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.

İqtisadi müstəqillik faktoru və gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Azərbaycanın qələbəsini təmin edən mühüm amillərdəndir. Ölkə başçısının həyata keçirdiyi müstəqil iqtisadi siyasət Azərbaycanın iqtisadi imkanlarını gücləndirdi və hərbi xərclərin artırlmasına imkan yaratdı. Vətənpərvər gənc nəslin yetişdirilməsi sahəsində həyata keçirilən işlər də öz bəhrəsini verdi. Bu gün Azərbaycan gəncləri vətənpərvər, Vətənə bağlı gənclərdir. Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Azərbaycanı Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Xalq-Ali Baş Komadan-ordu birliyi sayəsində Azərbaycan parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hərbi qələbəmiz diplomatik qələbəmizi də təmin etdi. Məhz üç rayonumuz bir güllə atılmadan işğaldan azad edildi. Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Xalaqımız bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqdır.

Kəlbcərdə hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Ermənistana ciddi xəbərdarlıqlar da etdi. Azərbaycan Ordusu sərhəd boyunca bütün əlverişli mövqelərdə yerləşib. Müharibədən ötən il yarım ərzində bütün sərhəd boyunca hərbi hissələr yaradılıb. Ordumuz daha müasir silahlarla təchiz edilərək daha da gücləndirilib. Ölkə başçısı bir daha bəyan etdi ki, Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq. Müharibədən sonra bu gün Azərbaycan Ordusu həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclüdür. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətləri diqqətlə izlənir. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Azərbaycanın Vətən müharibəsində Ermənistanı məğlub etməyi onlar üçün dərs olmalıdır. Azərbaycan bu mifi də dağıtdı və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim xalqımızın qarşısında dura bilməz. Azərbaycan xalqının istəyi odur ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.

Ermənistan tərəfi birdəfəlik anlamalıdır ki, Azərbaycan artıq 1993-cü illərdəki Azərbaycan deyil. Ölkə başçısı da çıxışında bu məqama toxundu və tarixi fakları səsləndirərək xatırlatdı ki, Kəlbəcər 1993-cü ilin aprel ayında AXC-Müsavat  cütlüyünün səriştəsizliyi, yarıtmazlığı, ən əsası xəyanəti səbəbindən işğal altına düşmüşdü. AXC-Müsavat xəyanətkar hakimiyyəti Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və nəticədə Kəlbəcər işğal altına düşdü. Bu gün isə Kəlbəcər azaddır və rayon ərazisində quruculuq işləri gedir. Qarabağı və Şərqi Zəngəzurun bərpa edilməsi proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır.

Ölkə başçısının Kəlbəcərə səfəri zamanı rayonda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı isə Şərgi Zəngəzurda görüləcək genişmiqyaslı işlərin anonsu kimi də qəbul edilə bilər.

İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. Cənab Prezident  Su zavodunun təməlini qoydu. Vaxtilə məşhur olan İstisu suyu yenidən istehsal olunacaq. Ümumiyyətlə, Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.

Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Bir sözlə, Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur və cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaqla qurtarmaq mümkün deyil.