Xəbərlər
Aydın Hüseynov: Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsinin güclənməsinə səbəb olub
«2015-ci ilin ötən dövründə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, regionlarda ötən 3 ayda 30 minə yaxın iş yeri açılıb, onlardan 25 mini daimidir. Onun sözlərinə görə, ötən 3 ayda iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və digər sahələrdə mühüm uğurlar əldə edilib.
«2015-ci ilin ötən dövründə əldə olunmuş uğurlu makroiqtisadi göstəricilər cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləməyə əsas verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi 2015-ci ildə də inkişaf davam edəcək, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdiriləcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.