Xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı keçmiş Türkiyə Dəyanət İşləri başqanı Təyyar Altıkulacı qəbul edib.
Görüş zamanı Təyyar Altıkulac Azərbaycana bağlılığından danışaraq, ölkəmizə etdiyi səfərləri, Ulu Öndər Heydər Əliyevlə görüşlərini xüsusi qeyd edib. Qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Təyyar Altıkulac Azərbaycanın uğurlarına hər zaman sevindiyini bildirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Mübariz Qurbanlı qeyd edib ki, Təyyar Altıkulac Türkiyə Dəyanət İşləri başqanı olduğu dönəmdənAzərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din səhəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri vardır. Mübariz Qurbanlı yaxın tarixdə Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı İslam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan İslamafobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İslam dinin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir.