Xəbərlər
Sevinc Fətəliyeva: Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq
«Bu gün dünyanın hər bir yerində eskalasiya və xoşagəlməz hadisələr müşahidə olunur. Yaxın Şərqdəki, Ukraynadakı hadisələr, dünyanın müxtəlif ölkələrində terror aktları və iğtişaşlar buna nümunədir. Hər sessiyamizda mövzu ilə əlaqəli müzakirə olunan ölkələrin siyahısı çoxalır». Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında çıxışı zamanı deyib.
S.Fətəliyeva bildirib ki, eyni hadisələr illər öncə baş verməsindən asılı olmayaraq müxtəlif aspektlərdə interpretasiya olunur və yüz illər sonra qeyri-real, həqiqəti özündə əks etdirməyən tarixi qiymət alır. Onun sözlərinə görə, qəddarlıq, etnik və dini dözümsüzlük, ərazi iddiaları, hakimiyyət uğrunda mübarizə dünyada hökm sürür.
«Nədən bəzi hallarda bu qurbanların qanı yerdə qalır, tarixi qiymətini tapmır, digər hallarda isə müharibədə həlak olanlar şəhidlərə çevrilir? Tarixi hadisələr heç vaxt öz tarixi mahiyyətini itirib müəyyən siyasi maraqlara xidmət etmək üçün dəyişə bilməz. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlar qarşısında Xocalı soyqırımına siyasi qiymət vermək məsələsini qoyur. 20 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, qəbul edilən qərarlara baxmayaraq, hələ də gərginlik ocağı kimi qalır. Tez-tez dinc vətəndaşlar həlak olur. Bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi hələ də qeyri-müəyyəndir. Biz tez-tez AŞPA-da insan haqları mövzusunu müzakirə edirik. Çox nadir hallarda öz doğma torpaqlarından didərgin düşən həmin insanların hüquqlarının pozulması gündəmə gətirilir. Sual yaranır, haradadır o zaman insan haqlarının müdafiəçiləri? Nə qədər ki, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtmayacaq və onların hüquqları bərpa edilməyəcək, dünyanın müxtəlif ölkələrində qaçqınların sayı artacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayana qədər, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq»- deyə, S.Fətəliyeva vurğulayıb.