YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. İkinci Qarabağ müharibəsi ilə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yarandı.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk. Bu, Türkiyə və Azərbaycanın Ermənistana verdiyi müsbət mesajların bir nümunəsidir. Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyirlər ki, bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və əgər Ermənistan müvafiq addımlar atsa, beynəlxalq hüquqa hörmət etsə, regional reallıqları düzgün başa düşsə, bu yolla müsbət nəticələr əldə etmək mümkün olacaq”, - deyə nazir bildirib.

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunan Ceyhun Bayramov Azərbaycanın Türkiyəyə 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduğunu, bunun 17 milyard dollarının enerji sahəsinə aid olduğunu diqqətə çatdırıb.

Nazir müsahibəsində bir sıra səbəblərdən, eləcə də Ukraynadakı gərginliklə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu, təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha artıq nəqli üçün çoxlu müraciətlərin olduğunu bildirib.

Ceyhun Bayramov deyib: “Azərbaycan ilə Türkiyənin əməkdaşlığı və potensialı ilə Avropa bazarına əlavə təbii qaz çıxarmaq imkanları var. Burada uzun illər ərzində müəyyən edilmiş uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr əlavə təbii qaz üçün müraciət edirlər. Bu infrastruktur layihələri böyük çətinliklərin öhdəsindən gələrək vaxtında həyata keçirilib. Çünki o vaxtlar o qərarlar qəbul ediləndə bir çox ölkələrin ərazilərindən keçməkdə çox böyük müqavimət və çətinliklər var idi. Lakin onların öhdəsindən gəlindi və layihələr həyata keçdi. Bunun sayəsində həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqlarımızın rifahını yüksəltmək, bu böhranlı vəziyyətdə digər qonşu ölkələrə kömək etmək imkanı var”.