Xəbərlər
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda baş direktor, akademik Vaqif Abbasov Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa müsabiqəsinin qalibləri ilə görüşüb.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon təşkilatının əməkdaşları, müəllimlər və valideynlər iştirak ediblər.
Akademik Vaqif Abbasov qalibləri təbrik edərək ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğısından və onların hərtərəfli inkişafı istiqamətində atdığı addımlardan söhbət açıb. Bildirib ki, belə güclü, qüdrətli, qalib Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Prezidenti var. Ulu öndər Heydər Əliyev adını tariximizə müstəqilliyimizin, Onun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Azərbaycan gəncliyi onlar üçün yaradılan şəraitdən maksimum bəhrələnməli, yüksək təhsil almalı, elmin sirlərinə dərindən yiyələnməli, dövlətinin, xalqının gələcəyi üçün çalışmalıdır. 44 günlük Vətən müharibəsində gənclərimizin milli ruhda böyümələrinin, Vətən, torpaq sevgilərinin şahidi olduq.”
Akademik hər bir ölkənin inkişafında elmi-texniki tərəqqinin, yeni texnologiyaların rolunu önə çəkərək qaliblərə uğurlu gələcək arzulayıb.
Daha sonra YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından danışıb: “Ümummilli Liderin əsas hədəf kimi qarşıya qoyduğu, eyni zamanda, əminliklə ifadə etdiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində düşdüyü böhranlı vəziyyəti təsəvvür etmək üçün 1993-cü ilin bu günlərində ölkəmizdə yaşananları yada salmaq kifayətdir. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürür, vətəndaş qarşıdurması yaşanır, xalqın sabaha ümidi getdikcə tükənirdi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir zamanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən başlanan inkişaf yolu torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxardı. Bu gün hər birimiz qürurluyuq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Ümummilli Liderin “Mən Ona özüm qədər inanıram” etimadını yüksək səviyyədə doğruldan Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın adı qalib ölkə kimi çəkilir. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.”
YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsi kimi artan nüfuzundan da bəhs edib: “1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiyanın da həyatında yeni mərhələ başladı. YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə, təkmilləşməyə yol açdı. YAP monolit partiya olaraq daim qarşısına qoyduğu vəzifələrin uğurlu icrası istiqamətində səylər göstərir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır.”
Daha sonra qalib şagirdlərin müəllimləri görüşün təşkilinə görə akademik Vaqif Abbasova öz dərin minnətdarlıqlarını bildiriblər. Belə tədbirlərin şagirdlərin dünya görüşünün formalaşmasında, təhsilə, elmə bağlılıqlarında əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıblar.
Sonda akademik Vaqif Abbasov inşa müsabiqəsində qalib olmuş hər bir şagirdə uğurlar arzulayaraq onlara hədiyyələr təqdim edib.