YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu sosial siyasət və sürətli islahatlar həyata keçirilir

Dövlət Sosial Müdafiə Fondundaİran İslam Respublikasının ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.

Görüş zamanı Azərbaycanın sığorta-pensiya sistemi, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, habelə gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb. DSMF-nin sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

E.Mehdiyev ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşdur və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bunun nəticəsində ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artaraq 1 milyard 745 milyon manata çatdırılmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 4,6%-ə çatmışdır. 

Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyon 40 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırki şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir. 

Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan hazırda 175 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 44 faizə çatdırılmışdır.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii Azərbaycanın qabaqcıl dünya təcrübəsinə uyğun qurulmuş sığorta-pensiya sistemində görülən işləri, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə həmçinin İran İslam Respublikasının nümayəndə heyətinin sualları cavablandırılıb, hər iki qurumun fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri barədəfikir mübadiləsi aparılıb.