Xəbərlər
Sankt-Peterburqda Qələbənin 70 illiyinə həsr olunan sərgi açılıb
Sankt-Peterburqda B.N.Yeltsin adına Prezident Kitabxanasında “Biz qalib gəldik, çünki bir idik” sərgisinin açılışı olub.
Təntənəli mərasimdə MDB Parlamentlərarası Assambleyasının (PA) sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Milli Məclisin sədri Oqtay Əsədov, MDB PA-ya daxil olan digər dövlətlərin parlamentlərinin başçıları iştirak ediblər.
MDB PA-nın mətbuat xidmətindən bildiriblər ki, fəxri qonaqlar üçün ekskursiyanı Prezident Kitabxanasının direktoru Aleksandr Verşinin aparıb.
Ekspozisiya Böyük Vətən müharibəsinin əsas mərhələlərini konkret tarixi materiallar əsasında göstərmək məqsədi daşıyır. Sənədlər, fotoşəkillər, kinoxronika Leninqradın qəhrəmanlığını, Moskva ətrafında döyüşü, Stalinqrad və Kursk döyüşlərini əks etdirir. Kiyev, Minsk, Kişineunun azad edilməsi uğrunda döyüşlər, Berlinə hücum əməliyyatı və Moskvada Qələbə Paradı da göstərilir.
Sərginin təşkilatçıları Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Rusiya Tarix Cəmiyyətidir.
Sankt-Peterburq Rəssamlar İttifaqının sərgi salonu layihəyə fəal yardım göstərib.
Sərgi Prezident Kitabxanasının iki zalında yerləşir. Birinci zalda arxiv sənədlərinin surətləri, kinoxronikadan parçalar, TASS-ın fotoxronikası, plakatlar, kitablar və albomlar nümayiş etdirilir. Ekspozisiyada həqiqi silahları və hərbi geyimləri, Qızıl Ordu döyüşçülərinin şəxsi əşyalarını, Böyük Vətən müharibəsinin medallarını və mükafatlarını, kitab nəşrlərini görmək olar.
İkinci zal keçmiş Sovet İttifaqı respublikalarının Böyük Vətən müharibəsində iştirakına həsr olunub. Burada 11 ekspozisiya bloku yerləşir. Onların hər biri bir dövlətə, o cümlədən Azərbaycana həsr edilib.
Hər bir blokda milli dillərdə kitab nəşrləri, təşviqat xarakterli materiallar (vərəqə, plakat, kitabça), müharibə illərində yaradılmış ədəbi əsərlər, Böyük Vətən müharibəsi ilə bağlı muzey kompleksləri və memorial yerlər haqqında materiallarla tanış olmaq mümkündür. Burada xatirə medalları və sikkələr, nişan və mükafatlar, suvenirlər, MDB ölkələri sakinlərinin çəkdiyi müasir fotoşəkillər də nümayiş etdirilir.
Sərgi 2015-ci il avqustun 21-dək davam edəcək.