YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının aktuar tədqiqatlar üzrə PROST modelinin tətbiqi reallaşdırılır

Bu gün Dövlət Sosial Müdafiə Fondunda Pensiya İslahatları Seçimləri üzrə Simulyasiya Aləti kimi xarakterizə edilən PROST modeli üzrə keçirilən təlimlər başa çatıb. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu (DSMF)  ilə Dünya Bankı birgə  PROST modelinin sığorta-pensiya sistemində  tətbiq  olunmasıyla bağlı DSMF-də brifinq-təqdimat keçirilib.

Tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiya”sı ilə müəyyən edilmiş əsas vəzifələrdən biri pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir.

Məlumatı  DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Qeyd olunub ki, bu məqsədlə DSMF tərəfindən çoxsaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq fonddaxili struktur və institusional platformanın təkmilləşdirilməsi məqsədilə müvafiq struktur vahidinin və aktuar qrupun formalaşdırılması və komplektləşdirilməsi tədbirləri icra edilib, həmçinin daxili texniki və institutsional potensialın artırılması məqsədilə bir sıra donor təşkilatları ilə (Dünya Bankı, Avropa İttifaqı və s.) intensiv təlim proqramlarının keçirilməsi razılaşdırılıb. Bununla yanaşı, aktuar modellər üzrə zəruri verilənlər bazasının hazırlanması və ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqi ortamüddətli perspektivdə DSMF-nin əsas strateji hədəfidir. 

Brifinq-təqdimatda çıxış edən Dünya Bankının eksperti Tatyana Boqomolova PROST modelinin  əhəmiyyətindən söz açaraq vurğulayıb ki, Dünya Bankı tərəfindən hazırlanmış bu model dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib. Model sığortaolunanların gələcək pensiya təminatını, pensiya sisteminin uzunmüddətli dövrdə maliyyə dayanıqlılığını, sistemin gəlir və xərclərini, sığortaolunanların gələcək pensiya təminatına təsir edə biləcək amilləri müəyyənləşdirir və pensiya sistemində kəmiyyət və keyfiyyət təhlillərinin aparılmasında əhəmiyyətli rol oynayır. PROST modeli vasitəsilə əhalinin gözlənilən ömür müddəti, ölkə iqtisadiyyatının gələcək makroiqtisadi göstəriciləri, beynəlxalq tendensiyaları nəzərə alaraq sığortaolunanların gələcək pensiya məbləğindəki dəyişmələri, sistemdə həm sığorta prinsiplərinə əsaslanan, həm də məcburi dövlət sosial sığorta haqqına bağlı olmayan pensiya öhdəliklərinin məbləği, həmçinin gələcək pensiyaçıların və sığortaolunanların sayı proqnozlaşdırılır. Bunula yanaşı, PROST modelindən istifadə etməklə hazırda dünyanın əksər ölkələrinin pensiya sisteminə əhəmiyyətli dərəcədə təsir edən qlobal yaşlanmanın pensiya sistemində yarada biləcəyi əlavə maliyyə öhdəliklərini, ölkələrin pensiya siyasəti sahəsində islahatların zəruriliyini, sığorta-pensiya sistemində həyata keçirilən hər hansı bir islahatın, makroiqtisadi göstəricilərin nəticələrinin müxtəlif gəlir səviyyəsindəki insanların hər bir kateqoriyasına təsirini müəyyənləşdirmək mümkündür.

Dünya Bankının eksperti qeyd edib ki, 2009-2010-cü illərdə dünyada baş vermiş qlobal maliyyə böhranının müxtəlif növ pensiya sistemlərinə təsiri Dünya Bankı tərəfindən məhz PROST modeli vasitəsilə qiymətləndirilib. Bundan əlavə, Avropa Birliyinin bir sıra ölkələri də PROST modelini tətbiq edib.

Sonra DSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev təqdimatla çıxış edərək PROST modelinin konseptual aspektləri barədə ətraflı məlumat verib. Bildirilib ki, modelin üstünlüyü müxtəlif ölkələrin pensiya sistemlərinə çevik adaptasiya oluna bilməsidir. Aktuar tədqiqatlar sahəsində DSMF-nin strateji hədəfləri barədə ətraflı məlumat verən F.Baxşıyev bildirib ki, Azərbaycan üzrə PROST modelinin tətbiqi istiqamətində işlərin cari ilin may ayında yekunlaşdırılması  və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni modelin geniş təqdimatının keçırilməsi nəzərdə tutulub. Həmçinin məlumat verilib ki, təlimdə iştirak etmiş DSMF əməkdaşlarına Azərbaycan üzrə işlənib hazırlanacaq PROST modelinin istifadəsi üzrə Dünya Bankının sertifikatı və lisenziyası veriləcəkdir.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.