Xəbərlər
Baş nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb
Aprelin 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, səfir respublikamızın regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsinin, habelə beynəlxalq sülhün və regional sabitliyin qorunması naminə ümumi səylərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.