Xəbərlər
Cümhuriyyət dövründən Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti
Rəna Mirzəzadə
AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor
Müasir Azərbaycanda 2018-ci il Prezident İlham Əliyevin 10 yanvar 2018ci il sərəncami ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan olunmuşdu. Buna qədər ölkə başçısı 2017-ci il 16 may tarixində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqinda sərəncam imzalamişdi. Həmin sənəddə XIX əsrin sonu XX əsrin əvvəllərində Cümhuriyyətin qurulması Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi səciyyələndirilib, Cümhuriyyətin ölkəmizin milli dövlətçilik tarixində yeri və rolu göstərilib. Məhz Cümhuriyyət dövründə demokratik hüquq və azadlıqların bərqərar olması, bütün vətəndaşlara cinsindən asılı olmayaraq bərabərhüquqların tanınması, o cümlədən də Şərqdə ilk dəfə qadına da seçki hüququ verilməsi və s. strateji kursların müəyyən edilməsi milli dövlətçilik tariximizdir. Bu mənada bəs o dövrdə qadın məsələsi, qadın hərəkatı və ya müasir anlamda yanaşsaq gender siyasəti hansı səviyyədə idi...
XX əsrin əvvəlində Azərbaycanda qadin məsələsi. XX əsrin əvvəlindən Azərbaycanda sosial-siyasi durum, ictimai münasibətlərin təşəkkülü başlayır. Bu dinamika istər ictimai-siyasi mühitdə formalaşma, istər də cinslərin – kişi və qadınların cəmiyyətdə müəyyən yer tutması üçün böyük imkanlar meydanı açdı. Məhz, ikinci minilliyin əvvəllərindən Azərbaycanın demokratik ictimaiyyəti çarizm siyasətinə qarşı açıq çıxış etməyə başladı. Ölkədə dini xürafat, şəriət qanunları hakim idi. Mədəniyyətin, əsasən də maarifin inkişafı zərurətə çevrilmişdi. Belə bir şəraitdə azərbaycanlı qadınların savadlanmasına böyük ehtiyac var idi. XIX əsr, xüsusən onun ikinci yarısı və XX əsrin əvvəli Azərbaycan ziyalı qadınlarının ictimai həyata xeyriyyəçi simasında qatılması ilə də əlamətdardır. XIX-XX əsrlər həm də Azərbaycanda qadın xeyriyyəçilik təşkilatlarının geniş şəbəkəsinin yaranması halı ilə xarakterizə olunur.
Kişilər-oğlanlar üçün açılan tədris ocaqları ilə yanaşı xüsusi qadın-qız gimnaziyaları da yaradılmağa başlayır. Qeyd edək ki, Azərbaycanda ilk dünyəvi qız məktəbləri 1848-ci ildə Şamaxıda (1859-cu ildə Bakıya köçürülüb) və 1885-ci ildə Gəncədə açılmış «Müqəddəs Nina» məktəbləridir. Azərbaycanın təhsil görmüş maarifpərvər, ziyalı qadınları öz hesablarına Bakıda, Gəncədə, Naxçıvanda, Şamaxıda Qarabağda, Şəkidə və Nehrəmdə xüsusi qız məktəbləri açmışdılar.
1874-cü ildə Azərbaycanda ilk qız gimnaziyası açılmış və 1883-cü ildən Marinskaya adlandırılmışdı. XX əsrin əvvəllərində hüquqi səlahiyyət daşıyan xüsusi rəsmi xeyriyyəçilik cəmiyyətləri meydana çıxırdı. Qız gimnaziyaları, qız məktəbləri də bu xeyriyyəçilik cəmiyyətlərinin təşəbbüsü ilə yaranırdı. Bundan başqa, o dövrün birinci neft maqnatlarının, formalaşmaqda olan ikinci milli burjuaziyanın və üçüncü maarifpərvər ziyalıların da bu yolda əvəzolunmaz xidmətlərini danmaq qeyri- mümkündür. Qadın təhsili, ümumilikdə qadınların maarifləndirilməsi kimi təşəbbüs, yuxarıda qeyd etdiyimiz kimi, bu üç təbəqənin diqqətini özünə cəlb etmişdi. Məsələnin məğzi nədən ibarət idi: - əvvəla, liberal ideyaların inkişaf etdiyi Qərb və Rusiya ictimai siyasi mühitində təhsil alan milli ziyalılar ordusunun yaranması və onların bərabərlik, ictimai fayda haqqında mütərəqqi fikirləri Azərbaycana gətirməsi, cəmiyyətdə keyfiyyətli dəyişiklik, o cümlədən qadın təhsilinə də maraq yaratmışdı: - digər tərəfdən, sənayeçilərin xeyriyyəçilik hərəkatı da, sosial vəziyyətdə baş verən dəyişmələrin nəticəsi kimi bu istiqamətdə görülən real işlər də qadın məsələsi kimi problemi diqqətə çəkmişdi.
Bu baxımdan ayrı-ayrılıqda hələ əsrin əvvəllərində gender meyarına istiqamətlənən hallara diqqət edək. 1907-ci ildə alman icmasına məxsus «Bakı Yevangel-Lyuteran Qadınlar Xeyriyyə Cəmiyyəti»nin, rus icmasına məxsus «Kiril – Mefodi Qardaşları Bakı Pravoslav Xeyriyyə Cəmiyyəti»nin yaranması müasir gender ölçüsü baxımından diqqətəlayiq hadisədir. 1905-ci il oktyabrın10-da «Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti» Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin fəxri sədrliyinə Bakı qubernatoru knyaz M.N.Nakaşidzenin xanımı Adelaida Lvovna Nakaşidze seçilmişdi. H.Z.Tağıyevin xanımı Sona (Safiya) Tağıyeva isə idarə heyətinin fəxri üzvləri arasında idi. Cəmiyyətin Nizamnaməsinin üçüncü bəndində deyilirdi ki, millətindən, dinindən asılı olmayaraq hər iki cinsin nümayəndələri cəmiyyətə üzv ola bilərlər. Bunu isə artıq dünəndən gələn şərti gender müqaviləsi kimi xarakterizə edə bilərik. Sənədlərdən məlum olur ki, Tiflisdəki ikinci müsəlman yetimxanasında 71 nəfər kimsəsiz yerləşdirilmişdi ki, onların da 31 nəfəri oğlan, 40 nəfəri qız idi. Türkiyənin Qars, Ərzurum, Olti quberniyalarından gətirilmiş 6 yaşından 14 yaşınadək olan 26 nəfər qız Bakıdakı yetim evində saxlanılırdı.
XX əsrin əvvəllərində Bakıda qeyri-müsəlman sakinlərə məxsus bir-neçə xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Alman icmasının Bakıda bir-neçə cəmiyyəti var idi. 1907-ci ilin iyul ayının 20-də «Bakı-Yevangeliya-Lyuteran Qadınlar Xeyriyyə Cəmiyyəti» yaradıldı. Cəmiyyətin təsisçiləri Bakıdakı protestant keşişinin həyat yoldaşı E.Tsimmerandan, həmçinin E.Loterdən, birinci gildiya tacirinin həyat yoldaşı E.Ekdən ibarət alman qadınları idi. Cəmiyyətin Nizamnaməsi təkcə qadınların deyil, eyni zamanda, kişilərin də, müəyyən miqdarda pul köçürməsi şərti ilə, cəmiyyətə üzv olmasına icazə verirdi. Cəmiyyətə fəxri üzvlər hər iki cinsdən xüsusi xibmətləri ilə fərqlənən şəxslərdən seçilirdi. Həqiqi üzvlər isə yalnız qadınlardan seçilirdi. Yarışan üzvlər kişilərdən ibarət olurdu, lakin onlar səsvermə hüququna malik deyildilər. Almanlara məxsus ikinci cəmiyyət «Qızlara yardım edən Yevangel cəmiyyəti» adlanırdı. Onun Nizamnaməsində deyilirdi ki, «cəmiyyət Yevangel dini təriqətinə qulluq edən qızların zərərli, qeyri-normal yola düşməməsi və mənəvi cəhətdən sağlam yetişməsi məqsədi ilə yaradılmışdır».
Bakıda Aleksandrinskaya adını daşıyan ilk müsəlman pedoqoji qız məktəbini H.Z.Tağıyev açmışdı. Bu, onun maarif sahəsindəki fəaliyyətinin tacı sayılır. Səxavətli milyoner cəmiyyətin normal inkişafı üçün maarifə böyük üstünlük verir, onu qadın məsələsinin həllində əsas halqa sayırdı. O hələ XIX əsrdən bu fikri həyata keçirmək istəyində olmuşdu. H.Z.Tağıyev 4 may 1896-cı ildə o dövrün ictimai xadimi M.Şahtaxtinskiyə məktubunda yazmışdı: «Müsəlman qadınını olduğu qapalı həyatdan çıxartmaqdan ötrü yeganə bir yol var – yalnız məktəb; və bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndəsinlər».
Belə bir qadın məktəbinin açılması çox müqavimətə sinə gərməyi tələb edən iş idi. Bir tərəfdən, yerlərdə çar-rus hakimiyyətinin şovinizm fonunda mövcud idi, digər tərəfdən isə sırf müsəlman olan əhalinin ortodoksal mühitinin açıq-aşkar hücumuna qarşı mübarizə etmək lazım idi. O isə bu addımı ilə millətin qadın qisminin nüfuzunu qaldırmaq istəyirdi. Azərbaycan tarixində messenatlığın banisi sayılan H.Z.Tağıyev öz cəsarəti, inadlı tələbi, millətsevərliyi, həm hakimiyyət dairələrində, həm də əhali arasında olan böyük nüfuzu, həmçinin şəxsi maliyyəsi hesabına Azərbaycan qadını üçün bu məktəbi açdı. O, ilk qızlar məktəbi yaradan, beləliklə, XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycanda qadın təhsilini həll edən böyük şəxsiyyətdir. O, bu məktəbin açılması üçün siyasi bir gediş etdi. Məktəbi II Nikolayın taxta çıxdığı günü qeyd etmək üçün açdığını bildirdi və məktəbə imperatriçə Aleksandra Fyodorovnanın adını verib, «Aleksandriyskaya» adlandırdı. Məktəbə Zaqafqaziyanın bütün bölgələrindən qızlar qəbul edilirdi. Sonralar«Aleksandra məktəbi» deyil, Tağıyevin qız məktəbi kimi tanındı.
Azərbaycan ziyalılarının əksəriyyəti Rusiyada təhsil alıb gəlmiş liberal düşüncəli şəxslər idi. Onların içərisində iki azırbaycanlı qadının olması faktı Azərbaycan qadın hərəkatı tarixi üçün qızıl səhifədir. Onlar H.Z.Tağıyevin müavinəti ilə təhsil almış Hənifə xanım Məlikova və Şəfiqə xanım Əfəndiyevadır.
İkinci məsələ daha ağır idi. Hökm sürən şəriət qanunlarına qarşı çıxmaq olduqca çətin idi. Lakin, o, bunu da nüfuz sahibi olan mollaların razılığını alaraq həll etdi. Üçüncüsü isə, o, xaricdə təhsil alıb geri qayıdan ziyalılarımızın azərbaycanlı qızlarla ailə həyatı qurmasını da onların qarşısına bir şərt olaraq qoymuşdu. H.Z.Tağıyevin üç tələbindən biri (birinci, get oxu və geri dön; ikinci, işlə və mənim vəsaitimi geri qaytar; üçüncü, müsəlman qızı ilə ailə həyatı qur) idi.
1898-ci il mayın 16-da Aleksandriya adına Bakı qadın rus-müsəlman pedaqoji məktəbinin Nizamnaməsi təsdiq olundu. 1901-ci il oktyabrın 9-da Şərqdə müsəlman qızları üçün ilk məktəbin təntənəli açılışı oldu. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova idi. Məktəbə Zaqafqaziyanın bütün bölgələrindən qızlar qəbul edilirdi. Çox sonralar ADR-in Xarici İşlər Naziri olmuş Ə.Topçubaşov məktəbin açılışında belə demişdi: «Gələcək tarixçilər bu hadi-səni müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bir gözəl varlığın, yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqlar». Bu, həqiqətən də Azərbaycan tarixində böyük hadisə idi. İnqilabadək Bakıda rus dilində üç qız gimnaziyası var idi: Mariya gimnaziyası, «Müqəddəs Nina» gimnaziyası və 3 №-li qız gimnaziyası. Bununla paralel olaraq 5 kişi gimnaziyası mövcud idi.
Azərbaycanda qadın hərəkatı. Tarixən Azərbaycanda qadın hərəkatı, onların cəmiyyətdə oynadığı rolu beş mərhələyə bölmək olar: XIX əsr Rusiyanın tərkibinə daxil olana qədər; Çar Rusiyası dövrü; ilk müstəqillik – ADR dövrü; Sovet dövrü; Sovet dövründən sonrakı illər və ya daha dəqiq deyilsə, ikinci Müstəqillik dövrü. Birinci mərhələ - əsasən qadının cəmiyyətdə «görünmədiyi» və çox qapalı olduğu; ikinci mərhələ - qismən artıq «məktəb»ləşmə, yəni qızlar üçün də təhsil yerlərinin açılması ilə, qadının cəmiyyətə atılması ilə səciyyələnir.
Qadınların ictimai həyata daxil olmaları onların neft sənayesində muzdla işləməsi, dərzi sexlərində çalışması, xeyriyyəçi fəaliyyəti, qadın mətbuatı, qadın klubları və siyasi qruplar vasitəsilə başlamışdır. Bütün bunlar qadınların bilik və bacarıqlarını artırır, ixtisas almalarına kömək edir, onların qanuni hüquqlarını və ümumi statusunu möhkəmləndirdi. Müsəlman islahatçı hərəkatları, həmçinin XIX əsrin sonunda, XX əsrin əvvəlində regionda geniş yayılmış millətçilik və sosial-demokratik hərəkatları daxilindən qadın azadlığının kişi və qadın tərəfdarları meydana çıxırdı. Bu zaman hamını narahat edən məsələ qadınların köməksizliyi və savadsızlığı idi. Bu ərəfədə «qadın məsələsi»nin aktuallaşmasına yaranan xeyriyyə cəmiyyətləri xüsusi təkan verdi.
«1906-1916 illərdə Azərbaycanda qadın azadlığı məsələsi ətrafında mübarizə aparılmışsa da, konkret «qadın cəmiyyəti» olmamışdır. Ş.Əfəndiyeva, S.Axundzadə, X.Əlibəyova, H.Cavanşir kimi qadınlar ictimai işlərdə və cəmiyyətlərdə («Nicat», «Səfa», «Səadət», «Cəmiyyət» və s.) fəal iştirak etmişlər. Əgər 1914-cü ildə məktəblərdə azərbaycanlı qızların sayı 1862 nəfər idisə, ibtidai rus qız məktəblərində isə 16 972 nəfər təhsil alırdı. 1915-ci ildə 11 qız gimnaziyası, 2 pedaqoji gimnaziya var idi.
Əvvəllər qadınların fəaliyyəti əsasən fərdi özünütəsdiq şəkilində təzahür edirdisə, yeni dövrdə təşkilatlanmış qadın cəmiyyət və qrupları yaranır. Azərbaycanlı Gövhər Qacar, Həmidə Cavanşir, Nigar Şıxlinskaya və başqa maarifçi qadınlar geniş proqram üzrə fəaliyyət göstərən «Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti» yaradırlar. Bakı və Bakı quberniyasında da qadınlar böyük iş aparırdılar. Bu dövr xeyriyyəçi qadın hərəkatı tarixinə Hənifə Məlikova, Rubabə Qasımova, Nabat Aşurbəyli və onlarla başqa xanımların adları daxil oldu. Şəki, Lənkəran, Zaqatala və Azərbaycanın başqa şəhər və rayonlarında qadın təşkilatları yarandı.
Azərbaycanda qadın hərəkatı yuxarıda bəhs etdiyimiz kimi, qadınların maarifləndirilməsi uğrunda mübarizə ilə başlayaraq, 1905-07-ci il inqilabından sonra genişləndi. Başda «mollanəsrəddinçilər» olmaqla, tərəqqipərvər ictimaiyyət qadınların hüquq bərabərliyi və təhsili uğrunda mübarizə aparırdı. «İşıq» adlı ilk qadın jurnalı (1911-1912-ci il) bu sahədə böyük işlər görürdü.
1904-1905-ci illərdə «Hümmət» kimi bəzi siyasi qruplar qadın probleminə aid «qadınlar üçün analıq məzuniyyəti, südəmər uşaqları olan analar üçün iş vaxtının azaldılması, neftçi qadınlar üçün tibbi yardım» kimi tələblər irəli sürdü.
Gender siyasətinə doğru. 1907-ci il martın 6-da Bakı şəhər Dumasında A.Ağayev demişdi: «Bütün dünya, bütün Rusiya özünün malik olduğu hüquqlar uğrunda mübarizə aparır... müsəlmanlar da bütün məhdudiyyətlərin həmişəlik aradan götürülməsini tələb etməlidirlər». Dövrün ictimai-siyasi xarakteristikasını verən D.Seyidzadə, «Kaspi» qəzetinin 1907-ci il 8 mart tarixli nömrəsinə istinadən yazır: «Müsəlman fraksiyasında qadınların bərabərhüquqluluğu haqqında da X.Xasməmmədov tərəfindən məsələ qaldırılmışdı. Bu məsələ ilə bağlı müzakirələr irəli sürülürdü ki, düşüncəsiz kütlənin əsrlər boyu formalaşmış həyat tərzinə zidd məsələnin həlli, bu kütləni fraksiyadan uzaqlaşdıracaq və onlar «ordusuz general» rolunu oynayacaqlar». «Proqress» qəzetinin 1907-ci il 28 mart tarixli sayından belə bir fakt var: «Mollalar şurası və müxtəlif mərhələli dini təşkilatlarla çoxsaylı məsləhətləşmə və razılaşdırılmalardan sonra, fraksiya aşağıdakı nəticələrə gəldi – qadınlara seçmək hüququ verilsin, lakin seçkiqabağı yığıncaqlar ayrı-ayrı keçirilsin».
1914-cü ildə Bakının Sabunçu qəsəbəsində 300 nəfərədək fəhlə qadının nümayişi, Balaxanı, Ramana, Razin qəsəbələrində isə tətil və mitinqlər keçirilmişdi. 1917-ci ildə bolşevik «Hümmət» təşkilatının qadın şöbəsi yaradıldı.
1917-ci il aprelin 15-20-də Bakıda toplanan Qafqaz müsəlmanları qurultayında ilk gündən iki partiya «Müsavat» və «Türk Ədəmi-Mərkəziyyət» partiyaları hakim mövqeyə malik idilər. Bu partiyaların liderləri M.Ə.Rəsulzadə və N. Yusifbəyli qurultayda qəti surətdə federasiya prinsipinə dayanan bir dövlət ideyasını irəli sürdülər. Qurultaydakı çox maraqlı bir məqam diqqəti cəlb edir. Həmin qurultay haqqında tarixçi M.Oruclu yazır: «Ş.Əfəndizadə və S.Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Belə ki, qadınların çıxışından sonra keçmiş Bakı qazisi Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında üzü açıq çıxış etdiklərinə görə mühakimə etdi. Demək olar ki, bütün zal qışqıraraq qazini tribunadan düşməyə məcbur etdi. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə qurultayda qadın məsələsi haqqında qərar qəbul olundu». Qəbul edilən qərarda göstərilirdi ki, başqa xalqların qadınları ictimai siyasi həyatda kişilərlə bərabər fəaliyyət göstərərək, öz millətinin tərəqqisi üçün çalışan zaman Azərbaycan qadınları bu prosesdən kənarda qala bilməz. Burada, o cümlədən, Azərbaycan qadınlarının siyasi və vətəndaşlıq hüquqlarının kişilərlə bərabərliyinin zəruriliyi qeyd olunurdu.
AXC dövründə Bərabərhüquqluq. 1918-ci il mayın 28-də Milli Şura tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edildi. Şərqdə ilk demokratik respublika bizi maraqlandıran mövzuya da ilk münasibət bildirən dövlətlərdən olmuşdur. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası «İstiqlal Bəyanmnaməsi»ni elan etdi. Bəyamnamənin suveren hüquqlar, müstəqil dövlət, demokratik respublika, mehriban qonşuluq münasibətlərini əhatə edən üç müddəasından sonra gələn dördüncü bənddə deyilirdi: «Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir. Bu sonuncu müddəa müasir dövrün gender siyasətini özündə ehtiva edən və dünəndən bu günə verilmiş uzaqgörən Fərmandır.
Azərbaycan Cümhuriyyəti dövründə kişi və qadınların bərabərhüquqluluq və azadlıqlarını təmin etmək üçün aşağıdakı addımlar atıldı: parlamentin II iclasında hər iki cinsin hüquqları: 8 saatlıq iş günü (maddə 28), həftədə bir istirahət günü (maddə 29), 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağası, 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42) tətbiq edilir, «Qadınların səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırılması qadağan edilmişdi. Hamilə olub işləyən qadınlar doğmaqlarından 4 həftə əvvəl və altı həftə sonra xidmətdən azad edilir və bu azadlıq müddətində dəxi muzd və məvaciblərini təmamilə alırlar (maddə 43). Proqrama görə, qadınlar işləyən hər bir zavod və fabrik yanında südəmər uşaqlara məxsus tərbiyəxanalar təsis olunmalı idi. İş sahiblərinin hesabına olaraq əməkçilərə pulsuz dərman verməli və azarladıqları müddətdə məvacibləri özlərinə verilməli idi (maddə 50). Bu qanunlara riayət etməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi.
Əsasnaməyə görə Müəssislər Məclisinə seçkilərdə cinsindən, dilindən, dinindən, milliyyətindən və s. asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdi. Azərbaycan Milli Şurasının ikinci iclasında Azərbaycanda Müvəqqəti Ali Qanunverici orqan təkpalatalı sistem yaradılması haqqında qanun verildi. Təşkilatlı parlament (parlaman, məclisi-məbusan da deyirdilər-R.M.) bu qanuna əsasən 120 nəfərdən ibarət olmalı idi. Nümayəndələr birbaşa və qapalı seçkilərlə seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi. Azərbaycan Demokratik Respublikası Parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda – Tağıyev qız məktəbinin binasında oldu.
1919-cu ilin ikinci yarısında Azərbaycan Parlamenti ölkə həyatının demok-ratikləşməsinə təkan verən bir sıra qanunlar qəbul etdi. 1919-cu il iyulun 21-də parlament «Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə»ni təsdiq etdi. «Əsasnamə»yə görə Müəssislər Məclisinə seçkilər bərabər, birbaşa və gizli səsvermə yolu ilə keçirilməli idi. Qadınlara kişilərlə bərabər seçki hüququ verilirdi ki, o zaman belə bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də bir çox Avropa dövlətləri həsəd apara bilərdi.
Cümhuriyyət dövründə Azərbaycan xalqının 23 aylıq müstəqil və azad həyatının əsas yekunları aşağıdakılardan ibarət idi: - birincisi, lap yaxınlaradək bir çox siyasi və vətəndaşlıq hüquqlarından məhrum edilmiş, dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa tarixi müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratdı; - ikincisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub saxlamaq mümkün oldu; - üçüncüsü, mütəşəkkil ordu yaradıldı; - dördüncüsü, ölkənin iqtisadi və maliyyə vəziyyətini sağlamlaşdırma prosesi başladı;- beşincisi, xalq maarifi milliləşdirildi. Azərbaycanın müxtəlif regionlarında 7 kişi və bir qadın seminariyası açıldı. Azərbaycan tarixindən verilən ümumiləşdirməyə müasir günümüz üçün vacib olan bərabərlik hüququ məsələsini də əlavə etsək, altıncı kimi yekun ala bilərik. Bəli, Şərqdə ilk müstəqil dövlət 1907-ci ildən təməli qoyulan qadın məsələsini de-yure həll etdi.
Məlumdur ki, hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cümhuriyyətinin qarşısına qoyduğu məqsədlərdən biri əhalinin hər iki cinsinin hüquqi və faktiki bərabərliyinə nail olmaq idi. Nəzərə alsaq ki, hüquqi cəhətdən və real surətdə azadlıqları məhdudlaşdırılan cins - qadın cinsi idi, təbii ki, yeni dövlətlərin fəaliyyət mərkəzində qadınların inkişafı, onların sosiomədəni həyatın bütün sahələrində hüquqlarının müdafiəsi dururdu. Qeyd etdik ki, heç də təəcüblü deyil ki, 1907-ci ildə Rusiya Dövlət Dumasının Azərbaycandan olan nümayəndəsi X.Xasməmmədov Dumada çıxış ədərək Azərbaycan qadınlarına seçki hüququ verilməsi məsələsini qaldırır və bundan sonra Dumada müsəlman təşkilatı müsəlman qadınlarına səs vermə hüququ haqqında qərar qəbul edir. Amma yenə göstərək ki, Azərbaycan qadını ümumdövlət seçkilərində fəal iştirak üçün hüququ 1910-cu ildə aldı.
Mirzə Bala Mehmetzadə qadın hüquqları haqqında yazırdı ki, onun türk qadınına, türk anasına hörməti, məhəbbəti sonsuzdur. Türk anası döyüşdə və barışda öz kişisi ilə birlikdə hər cür zorakılığa qarşı dözüm görə bilirsə, bütün mədəni haqq və hüquqlardan onun da istifyadə etmək hüququ təbii haqqıdır.
Azərbaycan qadınları Milli Şuraya Demokratik seçkilərdə kişilərlə bərabər iştirak etməklə ölkənin müqəddaratında böyük rol oynamışlar.
Azərbaycanda sovet dövlətinin yaranmasından sonra qadın tədricən kişilərlə əvvəl hüquqi, sonra isə real bərabərlik əldə etmə istiqamətində sosial cins kimi inkişaf edir. Bu dövrdə qadın real əmək hüququ əldə edir, deməli iqtisadi azadlığa və öz ləyaqətini müdafiə etmək imkanına nail olur.
Birinci vitse-prezidentlik institutu
XX əsr Azərbaycanda qadın məsələsi istər ictimai-siyasi, istərsə də hüquqi zəmində öz formalaşmasının ən vacib hüquqi istiqamətlərini gerçəkləşdirdi.
XX əsrin sonu ulu Öndər Heydər Əliyev qadın siyasəti, qadın məsələsi, qadın problemini ehtiva edən çoxsaylı sərəncam, fərman verdi. Müasir Azərbaycanda Dövlət Qadın siyasətinin istər hüquqi, istər elmi-nəzəri, istərsə də praktik-idarəetmə və hakimiyyətdə əsasının formalaşmasının banisi ulu Öndər Heydər Əliyevdir.
XXI əsrdə isə Prezident İlham Əliyevin kreativliyi əks etdirən fərman və sərəncamları ölkədə gender strategiyasını təmin etdi. Prezident İlham Əliyevin 2017 ci il 21 fevral fərmanı nəinki regionda, həm Şərq və Avrasiya məkanında GENDER siyasətinin kulminasiya nöqtəsi oldu. İlk dəfə Birinci vitse-prezident, həm də Azərbaycanın ilk qadın nümayəndəsinin yüksək Ali statusa təyinatı Gender tarixinin örnək nümunəsi oldu. Prezident İlham Əliyev bu Ali statusa – Birinci vitse-prezidentliyə xanım Mehriban Əliyevanı təyin etdi. Xanım Mehriban Əliyevanın çoxşaxəli və geniş miqyaslı fəaliyyəti də cəmiyyətdə gender balansının bariz nümunəsidir. Bu təyinat Cümhuriyyət dövründən günümüzədək gələn Bərabərhüquqluluq yolunun ən yüksək Ali statusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik institutunun qadın siyasəti strategiyasının ən yüksək zirvəsi oldu.