YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik hadisədir

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Azərbaycan öz müstəqiliyini qazandıqdan sonra bir çox sahədə böyük islahatlara ehtiyac duyulurdu. Lakin ən böyük mənəvi-psixoloji təlatüm xalqımızın həqiqətlərinin dünya birliyinə çatdırılması idi. İnformasiya texnologiyalarının bu günün reallıqları səviyyəsində olmaması acı həqiqətlərdən dünyanın xəbərdarsızlığına gətirib çıxardı. 90-cı illərin əvvəlində nə 20 yanvar hadisəsini, nə Başlıbel faciəsini, nə Xocalı soyqırımını, nə də buna bənzər digər məsələlər haqqında dünya yetərli məlumat ala bilməmişdir. Əksinə, ABŞ senatı keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanı günahkar bilərək “907”-ci düzəlişi qəbul etmişdir. O zamanlar xarici mətbuatda, televiziyada radiolarda həqiqəti dünyaya çatdıra biləcək adamların sayı az idi. Onlar faktiki olaraq təmərküzləşməmişlər. Vətənlərini təmsil edən, onları mənəvi-hüquqi müdafiə edən vahid bir dövlət yox idi. Xaricdə yaşayan vətəndaşlarımız öz şəxsi qayğılarından aralanıb dövlətimizin həqiqətlərinin təbliği ilə bağlı işləri kompleks şəkildə görə bilmirdilər.

90-cı illərin əvvəllərində cəmiyyətimizdə çox intensiv yayılan bir termin də var idi. O zamanlar ermənilərin işğalları haqqında danışarkən mütləq erməni lobbisi, lobbiçilik fəaliyyəti kimi sözləri eşidərdik. Bəlkə də bir çoxları əsil mənasını bilməsələr də dünya ermənilərinin öz dövlətlərinə verdikləri dəstəyi dünya bilirdi. Biz isə hələ də bu istiqamətdə işlər görə bilməmişdik. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bu sahədə ciddi mənada işlərin görülməsinə səbəb oldu. Dünya ölkələrinə etdiyi səfərlər zamanı özü ilə xəritə aparan Ümummilli Lider dövlətimizi tanıtmaqla yanaşı, orada yaşayan soydaşlarımız haqqında məlumatlar toplayır və onlarla görüşürdü. Dilimiz, milli kimliyimiz və təfəkkürümüzü təbliğ edən Ulu Öndər gələcək qələbələrin sanki əsasını qoyurdu. Çünki yaxşı bilirdi ki, dünyanın qəbul etmədiyi bir nəticə və dəstəkləmədiyi bir uğur hələ tam bir zəfər deyildir.

Dünyada yaşayan bütün Azərbaycan əsilli soydaşlarımızı bir amal ətrafında birləşdirmək üçün çox məhdud şəraitdə diaspora fəaliyyətinin ilk addımı atıldı. 1991–ci ildə Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi ilə bağlı mühüm qərarın verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin təzahürü idi. Sonrakı illərdə verilmiş qərarlar bir daha sübut edir ki, dünyada Azərbaycan həqiqətlərinin tanıdılmasında diaspora fəaliyyətinin rolu böyükdür.

Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı çağırıldı. Ona qədər dünyada yaşayan Azərbaycanlılar kompleks bir şəkildə qərar verib vətən üçün konkret bir addım atmamışdılar. Bu qurultaydan sonra dünyada yaşayan azərbaycanlılar milli birlik, həmrəylik, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər. Soydaşlarımızın ilk qovuşmasında mühum qərarlar qəbul olunmuşdur. Eyni zamanda da Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti qəbul etdilər.

I Qurultay mərkəzi bir təşkilatlanmanın əhəmiyyətini meydana çıxarmışdı. İlk dəfə idi ki, insanlar öz vətənləri üçün sistematik addımlar atırdılar. Bu addımları mərkəzləşdirmək üçün 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Bu artıq rəsmi dövlət qurumunun vahid dövlət siyasətini həyata keçirməsi demək idi.

2006-cı il mart ayının 16-da Bakı şəhərində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Artıq möhkəm zəmin üzərində oturuşmuş diasporanın fəaliyyətinə qiymət verməyin zamanı gəlmişdi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə bir qrup diaspor fəalı “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edilmişdir. II qurultayın yüksək səviyyədə təşkili və tədbirin yaratdığı əks-səda, qəbul olunmuş qərarlar diasporumuzun davamlı inkişafını göstərirdi. Hələ illər öncə II qurultayda dünyada yaşayan soydaşlarımız Prezidenti İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etmişdir. Bir sözlə dəmir yumruğun ətrafında birləşən həmvətənlərimiz Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini nümayiş etdirmişdi.

Dünya Azərbaycanlılarının II Qurultayı artıq yeni hədəflər, yeni baxış bucaqları meydana çıxarmışdır. Biz eyni zamanda ölkəmizdə yaşayan digər xalqları da vahid bir diaspor ilə bağlı dövlət qurumun tərkibində birləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

Dünya Azərbaycanlılarının III Qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir. Bu qurultayın xüsusi tərəfi ondan ibarət olmuşdur ki, biz bir daha öz tolerantlığımızı göstərmiş olduq. Belə ki, iştirakçılar arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, axısqa türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də var idi. Bu isə artıq cənab Prezident İlham Əliyevin növbəti dahi yanaşması idi. Diaspor sahəsində növbəti bir siyasi gediş idi. Çünki diasporumuzu formalaşdırmaq üçün qeyri-millətlərdən olan keçmiş vətəndaşlarımızın dəstəyi önəmli amilə çevirilmişdi.

2016-cı il iyun 3-də Bakıda, Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Bu dəfə artıq Aprel döyüşləri olmuşdu və dünyada yaşayan soydaşlarımız birləşib dövlətlərini, vətənlərini müdafiə etmək üçün müxtəlif addımlar atmışlar. IV Qurultay gənclər, informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam etdirilmişdir. Qurultay iştirakçıları növbəti dəfə Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçmişlər. IV Qurultayda soydaşlarımız sanki qələbənin ayaq səslərini eşidirdilər. Dünyanın hər yerində müasir texnologiyanın da dəstəyi ilə daha sıx birləşir, zəfərə gedən yolda bir yumruğa çevrilirdilər.

Dünya Azərbaycanlılarının V Qurultayı və yaxud da Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik bir hadisədir. Dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ dərdi hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara idi. Qarabağ həsrəti ürəyində dünyalarını dəyişən soydaşlarımız var. Şuşadan, Qarabağdan bir ovuc torpağı, bir damla suyu illərdir dünyanın müxtəlif ölkələrində özləri ilə daşıyan həmvətənlərimizin sayları az deyildir. Müxtəlif tədbirlərdə, görüşlərdə Qarabağın işğalı ilə bağlı məğrur xalqımızın nümayəndələri gözləri kölgəli, başları aşağı olardılar. İndi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində Qarabağ və Şuşa azad olunub. Dünya Azərbaycanlılarının ölkəmizdə toplantılar keçirməsi artıq ənənəyə çevrilib. Lakin tarixdə ilk dəfə bu qurultay Bakıdan kənarda keçirilir. Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı kimi dünyada yaşayan həmyerlilərimizə öz qollarını açır. 270 illik yubileyini qeyd edən qədim Şuşa dünyanın 65 ölkəsindən 400-dən çox həmyerlimizin Füzuli hava limanından Zəfər yolu ilə gəlməsi dünya tərəfindən müharibə həqiqətlərinin bir növ tanıdılmasına xidmət edən növbəti addımdır. Müzəffər Ali Baş Komandanın Qurultayda çıxışı və dəqiqələr boyunca ayaqüstə alqışlanması sübut edir ki, cənab İlham Əliyev nəinki Azərbaycanda yaşayan azərbaycanlıların, hətta bütün dünya azərbaycanlılarının tək və əvəzolunmaz lideridir.

İndi diasporumuzun qarşısında yeni hədəflər, yeni çağırışlar dayanır. Müharibədən sonra yaranmış, tərəfimizdən yaradılmış reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində diasporumuzun üzərinə böyük öhdəliklər düşməkdədir. Qurultayda Prezidentin Azərbaycan tarixinə, torpaqlarımızın müxtəlif dövrlərdə Ermənistana birləşdirilməsinə faktlarla, sübutlarla münasibət bildirməsi diasporumuzun qarşısında olan yeni hədəfləri də müəyyənləşdirmiş oldu. Cənab Prezidentin “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” deməsi həm də ölkəmizə düşmən mövqedə olanlar üçün çox vacib və nəticə çıxarılmalı ismarıclardır.

Bir daha bizə qarşı təhlükə və təhdidlərin olması yenidən dəmir yumruğu hərəkətə gətirə bilər. Dünyanın harasında yaşamasından asılı olmayaraq vətənin bütövlüyü uğrunda bir amalla yaşamalıyıq. Öldü var, döndü yoxdur! Necə ki, şəhidlərimiz bunu öz canları, öz qanları ilə dünyaya göstərdilər. İndi bizlər, dünyada yaşayan və qəlbi Azərbaycanla döyünən hər kəs müharibə reallıqlarının dünyada qəbul olunması üçün çalışmalıdır. Biz müharibədən ötən 2 il ərzində dünyaya sübut edə bilmişik ki, Şuşa, Qarabağ Azərbaycandır! İndi isə dünyada yaşayan hər bir soydaşmız yaşadığı ölkədə, o ölkənin öz dilində aktiv təbliğat vasitəsinə çevrilməlidir.