Xəbərlər
Prezident İlham Əliyev: Əgər istəsək, ölkəmizin xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik
Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır.
Bu barədə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.
“Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır: “Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.