YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Martın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2021-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Parlamentin sədri bildirib: “Bizə təqdim olunmuş sənədlə tanışlıq belə bir qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası ötən il iqtisadiyyatın bütün sahələrində artım dinamikasının qorunub saxlanmasını təmin edib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirilmişdir. Bununla əlaqədar mən dövlət başçısının fikirlərinə istinad etmək istəyirəm. Prezident İlham Əliyev demişdir: “2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır... Bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.

Sahibə Qafarova diqqətə çatdırıb ki, sosial-iqtisadi inkişaf yollarında ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq maliyyə qurumlarının reytinq siyahılarında onun yüksək yerlərə layiq görülməsi ilə nəticələnib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yeri, ölkə rəhbərliyinin islahatlara sadiqliyi baxımından isə 5-ci yeri tutub.

2021-ci ildə ümumi daxili məhsulun həcmində 5,6 faiz artımın, digər uğurların əldə olunmasının arxasında hökumətin gərgin və səmərəli fəaliyyəti dayanır. Hazırda ölkəmizin 53 milyard dollarlıq strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Ötən 1 il ərzində daha da artırılmış iqtisadi potensialımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verir.

Milli Məclisin sədri qeyd edib ki, artıq 2 ildir Azərbaycan COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin ön sıralarında addımlayır. Əhalinin əksəriyyəti peyvəndləmə kampaniyası ilə əhatə olunub. Bu ilin yanvarından ölkədə böyük həcmli sosial paketlərin icrasına başlanıb. Digər tərəfdən, Ermənistan işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma layihələri həyata keçirilir. Həm də bütün bu işləri Azərbaycan kənardan yardım almadan öz maliyyə ehtiyatları hesabına yerinə yetirir.

Cari ildə də dövlətimizin qarşısında böyük vəzifələr dayanır və tam əminliklə söyləmək olar ki, bu vəzifələr də uğurla icra ediləcək.

Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsinin parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasına və həllində deputatların iştirakına şərait yaratdığını vurğulayan Sahibə Qafarova qeyd edib ki, ötən il parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib. Eyni zamanda, artıq iki ildir hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilib.

Milli Məclisin sədri çıxışının sonunda deputatların bugünkü müzakirələrdə də fəal iştirak edəcəklərinə, səmərəli təkliflər irəli sürəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatla çıxış edib.

Baş nazir Əli Əsədovun
çıxışı

-Hörmətli xanım sədr! Hörmətli deputatlar!

Bu gün Nazirlər Kabineti 2021-ci ildəki fəaliyyəti haqqında Milli Məclis qarşısında növbəti hesabatla çıxış edir. Hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunmuşdur.

Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, həmçinin hökumətin gördüyü işləri deputatlar ilə birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.

Ötən illərdə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam etmişdir.

Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında 2021-ci il 2 fevral tarixli Sərəncamı imzalanmışdır.

Sərəncamın icrasının təmin edilməsi və Milli Prioritetlərə uyğun olaraq, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabineti tərəfindən 5 Milli Prioriteti əhatə edən 10 alt İşçi Qrupu yaradılmışdır. Hökumət tərəfindən Strategiya artıq təsdiq üçün təqdim olunmuşdur.

2021-ci ildə makroiqtisadi tarazlığın qorunması hökumətin fəaliyyətinin başlıca prioriteti olmuşdur.

Pandemiyanın yeni dalğasına baxmayaraq, çevik tədbirlərin görülməsi, peyvəndlənmə prosesinin artımı və sosial təcrid məhdudiyyətlərinin tədricən yumşaldılması nəticəsində iqtisadi fəallıq bərpa edilmişdir.

Belə ki, 2021-ci ildə ölkədə ümumi daxili məhsul (ÜDM) 5,6 faiz, sənaye istehsalı 5,2 faiz artmışdır. O cümlədən, artım tempi qeyri-neft sektoru üzrə 7,2 faiz, qeyri-neft sənayesi üzrə 18,9 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz təşkil etmişdir.

2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötmüşdür. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artmışdır.

İxracın real artımı 17,0 faiz olmuş, idxal isə 10,0 faiz azalmışdır. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artmışdır.

Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olmuşdur ki, bu vəsait də cənab Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsinin sosial yönümlü xərclərinin artımına yönəldilmişdir.

Strateji valyuta ehtiyatlarımız 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53,0 milyard ABŞ dollarını ötmüşdür və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox (7,4) üstələyir.

2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 milyard ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin sonu ilə müqayisədə 707,0 milyon ABŞ dolları və ya 8,7 faiz azalmışdır. Birbaşa xarici dövlət borcu ÜDM-in 13,5 faizini təşkil etmişdir.

2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat proqnoza qarşı 26,4 milyard manat təşkil etmiş və 3,8 faiz çox olmuşdur.

2021-ci ildə dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, dövlət borcunun idarə olunması, həmçinin şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2020-ci ildə COVID-19 pandemiyası və neft qiymətlərinin kəskin aşağı düşməsi fonunda meydana çıxan əlavə xərc ehtiyaclarının qarşılanması və kontrtsiklik fiskal siyasətin həyata keçirilməsi zərurəti yaranmışdır ki, bu da bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da büdcə qaydasının tətbiqinin müvəqqəti olaraq dayandırılmasını şərtləndirmişdir. Büdcə qaydasının tətbiqi 2022-ci il yanvarın 1-dən bərpa olunmuşdur.

Ötən il dünyada ərzaq qiymətlərinin artmaqda davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən əsas ticarət tərəfdaşlarımızda inflyasiya təzyiqləri yüksəlmişdir.

Dünya Bankının əmtəə bazarlarına dair son məlumatlarına əsasən 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77,0 faiz, qeyri-enerji qiymətləri 20 faizdən çox artmışdır.

BMT FAO təşkilatının məlumatına görə, dünyada ərzaq qiymətləri 23 faizdən çox artmış və son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.

2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur.

Təsadüfi deyildir ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7 faiz, 12 aylıq inflyasiya isə 12 faiz təşkil etmişdir. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyasının payına düşmüşdür.

Tədiyə balansının profisitli olması və qəbul edilmiş makro-fiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləmiş, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərmişdir.

Antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Antiinflyasiya tədbirləri işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məqsədi daşıyır.

Qeyd etmək istərdim ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 455 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2020-ci illə müqayisədə 13 faiz çoxdur.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 59 faizi aqrar sektora yönəldilmişdir.

Hesabat ilində əhalinin, xüsusilə də aztəminatlı və sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ödənilən sosial ödənişlərin, o cümlədən əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan sosial paket çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib.

Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

Minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manat təşkil edir. Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manat təşkil edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3000-dən artıq mənzil təqdim edilmişdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 milyon manat vəsait ayrılmışdır.

Həmçinin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 2021-ci ildə 2,0 milyard manata yaxın olmuş və 37 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılması təmin edilmişdir.

44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə təqribən 55 milyon manatdan çox sığorta ödənişləri verilmişdir.

2021-ci ildə də ölkəmizin müdafiə qabiliyyətinin, hərbi qüdrətinin artırılması istiqamətində əməli addımlar atılıb. Yeni silahlar, texnikalar alınıb, ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib.

Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir.

Bu baxımdan Komando qüvvələrinin yaradılmasını xüsusi vurğulamaq istərdim. Bu, Azərbaycanın hərbi gücünün artmasından, ordumuzun döyüş hazırlığının yüksəlməsindən xəbər verir.

Hörmətli deputatlar!

Dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərəliliyin yüksəldilməsi məqsədilə cənab Prezidentin Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində ciddi dönüşə nail olunmuş və əməli işlər görülmüşdür. Bugünədək 12 dövlət şirkəti Holdinqin idarəetməsinə verilmişdir.

2021-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları (73) ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsinin investisiya xərclərindən 212 milyon manat, Prezidentin ehtiyat fondundan isə 122 milyon manat vəsait ayrılmışdır.

Dövlətimizin başçısının 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Respublikamızda iqtisadi rayonların sayı 14-ə çatdırılıb, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Möhtərəm cənab Prezident işğaldan azad edilmiş şəhər və kəndlərimizə mütəmadi səfərlər edir, dağıdılmış ərazilərimizdə bərpa-yenidənqurma işlərinə şəxsən nəzarət edir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı 2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2,2 milyard manat vəsait demək olar ki, tam istifadə olunmuşdur (99.4 faiz icra). Cari ilin dövlət büdcəsində bu məqsədlər üçün eyni həcmdə (2,2 milyard manat) vəsait nəzərdə tutulub.

Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir.

Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülmüş və davam etdirilməkdədir.

Yeri gəlmişkən martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim.

Yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək.

İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları nəticəsində 2021-ci ildə 20 min hektardan çox ərazi təmizlənmişdir.

Bu sahənin vacibliyi xüsusi önəm daşıyır və lazımi maddi-texniki resurslarla təmin olunur. O cümlədən, görülmüş tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilər 2 dəfədən artıq sahəni əhatə edəcək.

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Ağdam Sənaye Parkı və Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır.

Bütövlükdə, 2021-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 2,4 milyard manat həcmində məhsul istehsalı həyata keçirilmişdir ki, bunun da 959 milyon manatlıq hissəsi ixrac olunmuşdur.

İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanı xüsusi vurğulanmalıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcəkdir.

Təbii olaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı da artırır.

İşğaldan azad edilmiş ərazilərin elektrik təchizatı infrastrukturunun yaradılması və respublikanın enerji sisteminə inteqrasiya olunması işləri uğurla davam etdirilir. Eyni zamanda bərpa olunan yaşıl enerjinin real tətbiqi istiqamətində konkret tədbirlər görülür.

Yeri gəlmişkən, bu gün cənab Prezidentin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikiləcək 230 MVt gücündə günəş elektrik stansiyasının (225 milyon ABŞ dollarından çox) təməli qoyulub.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cənab Prezidentin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Belə ki, 11 rayon və şəhərdə ziyanın aradan qaldırılması üçün indiyədək 124 milyon manatdan çox vəsait xərclənib. O cümlədən, nəzərdə tutulan 13 295 obyektdən, 12 824 yaşayış və qeyri-yaşayış tikililərində təmir-bərpa işləri 96,5 faiz icra olunub. Qalan işlər (3,5 faiz) tamamlanmaq üzrədir.

2021-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün faktiki olaraq 800 milyon manat istifadə edilmişdir. Habelə əhalinin vaksinasiyası üçün toplam 433 milyon manat vəsait ayrılmışdır.

Ölkəyə 18 milyon doz vaksin preparatı gətirilmiş və onlardan 13,3 milyon doza istifadə olunmuşdur. 18 yaşdan yuxarı əhalinin hər iki doza üzrə vaksinasiyası 68 faiz təşkil edir.

Onu da qeyd edim ki, həkimlərin tövsiyələrinə, statistik göstəricilərə və vaksinasiya prosesinin gedişatına əsaslanaraq, Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində martın 6-dan əksər məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdir.

Hörmətli xanım sədr! Hörmətli deputatlar!

2022-ci ildə Hökumətin qarşısında duran əsas vəzifələr və nəzərdə tutduğumuz işlər barədə də qısa məlumat vermək istərdim.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də ilin yekunları və görülmüş işlər ilə bağlı yerli televiziya kanallarına verdiyi müsahibəsində Hökumət qarşısında bir sıra mühüm vəzifə və tapşırıqlar qoymuşdur.

Cari ildə hökumətin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn əsas prioritet vəzifələrini qeyd etmək istərdim:

  • dayanıqlı inkişaf;
  • iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin artırılması;
  • makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
  • fiskal dayanıqlığın təmin edilməsi, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi;
  • biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliklərinin sürətləndirilməsi;
  • antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi;
  • qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini;
  • əhalinin sosial müdafiəsinin gücləndirilməsi;
  • dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi;
  • rəqəmsal iqtisadiyyatın və innovasiyaların davamlı inkişafı;
  • rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması.

Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, özünütəminetmə səviyyəsinin artırılmasına və idxaldan asılılığın azaldılmasına nail olmalıyıq.

Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır. Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq.

Cənab Prezidentin qeyd etdiyi kimi, kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir.

Bu baxımdan ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq və ərzaq təhlükəsizliyinin təmini istiqamətində tədbirlər görülməsi məqsədilə cənab Prezidentin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi yaradılmışdır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi, mədəni irsin bərpası, orada əhali üçün layiqli həyat şəraitinin yaradılması, dövlətimizin başçısı tərəfindən Hökumət qarşısında qoyulan əsas prioritetlər sırasındadır.

Cənab Prezidentin tapşırığına əsasən bu ilin mart ayının əvvəlində Hökumət və Əlaqələndirmə Qərargahının üzvlərinin Qarabağ bölgəsinə səfəri oldu və biz bərpa-quruculuq işlərinin miqyasının, keyfiyyətinin və yüksək icra sürətinin şahidi olduq.

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz artıq göz önündə sürətlə dirçəlir, daha gözəl görkəmdə öz əvvəlki simasına qayıdır.

Xüsusən də, Azərbaycanın incisi olan Şuşa şəhərini qeyd etmək istərdim. Çünki qədim Şuşamızın bu il 270 illiyi qeyd edilir. Dövlətimizin başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı ilə verilmiş tapşırığa əsasən, Nazirlər Kabineti tərəfindən “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir.

Şuşa şəhəri artıq ən yüksək səviyyədə dövlət başçılarının görüşünə də ev sahibliyi edib. 2021-ci il iyunun 15-də tariximizdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı.

Liderlər tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəyliyin zirvəsinə çevrilərək ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırdı.

Hörmətli deputatlar!

Fürsətdən istifadə edib regionda baş verən son hadisələr, xüsusilə də Ukraynadakı hadisələrin ölkəmizə mümkün təsirləri ilə bağlı Sizlərlə fikirlərimi bölüşmək istərdim. Təbii ki, qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür.

Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir. Cənab Prezidentin tapşırığına əsasən bu prosesə bütün aidiyyəti qurumlar cəlb olunub və soydaşlarımızın təxliyəsi, həmçinin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün çətinliklərə baxmayaraq təxirəsalınmaz tədbirlər görülür.

Ukraynadakı hadisələr səbəbindən yaranan digər narahatedici məqamlar – nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir.

Lakin yaranan çağırışlara Prezident İlham Əliyevin tapşırığına əsasən adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür. Bunun nəticəsi olaraq ölkəmizdə əsas məhsullar (ərzaq) üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılmışdır və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir.

Bir məqamı da qeyd edim ki, qonşu ölkələrin maliyyə-bank sistemlərinin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib. Çünki bizim maliyyə sistemimiz sabitdir, milli valyutamız dayanıqlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir.

Hörmətli xanım sədr! Hörmətli deputatlar!

Milli Məclis tərəfindən qəbul olunan qanunlar sosial-iqtisadi və institusional inkişafın hüquqi bazasını təmin edir. Heç şübhəsiz, qanunvericilik bazası müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməli, yeni prioritetlər və hədəflərlə uzlaşdırılmalıdır. Biz bu istiqamətdə Hökumət olaraq Milli Məclislə əməkdaşlığımızı və birgə fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik.

2022-ci ildə qarşınıza qoyulmuş məsuliyyətli vəzifələrin yerinə yetirilməsində, qanunvericilik sahəsindəki fəaliyyətinizdə Sizlərə uğurlar arzu edirəm.

Fürsətdən istifadə edib bugünkü ilaxır çərşənbəsi və qarşıdan gələn Novruz Bayramı münasibətilə hər birinizi və ailələrinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram. Diqqətinizə görə sağ olun.

DİGƏR Xəbərlər Arxiv