Xəbərlər
Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verir
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər edərək rusiyalı həmkarı Prezident Vladimir Putinlə təkbətək görüş keçirib. Dövlət başçısı bildirib ki, bu səfər onun üçün xüsusi önəm daşıyır. Azərbaycan və Rusiya prezidentlərinin görüşünün əsas səbəbi qarşılıqlı müttəfiqlik haqqında sənədin qəbulu ilə bağlıdır.
Ümumiyyətlə, Rusiya və Azərbaycanın münasibətləri 1992-ci il aprelin 4-dən başlayıb və 1992-ci il sentyabrın 25-də Azərbaycanda Rusiya səfirliyinin rəsmən fəaliyyətə başlaması ilə davam edir. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə idi. Bundan əlavə iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxil idi. 22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı və bu indiyə qədər iki ölkə arasında bağlanmış ən ali sənəd hesab olunur.
43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Azərbaycan və Rusiya arasında münasibətlərin dərinləşməsi üçün bir çox səbəblər vardır, ən başlıcası mədəni əlaqələrin mövcud olmasıdır. Azərbaycanla Rusiya arasında əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu gün bir-birinin suverenliyinə hörmətlə yanaşan Azərbaycan–Rusiya münasibətləri hər iki ölkənin milli maraqlarına xidmət edir. Bundan başqa Rusiya Federasiyası azərbaycanlıların kompakt yaşadığı dövlətlərdən biridir, eyni zamanda Azərbaycanda 120 000-ə yaxın etnik rus yaşayır. Hər iki xalqın nümayəndələri heç bir irqi ayrıseçkilik olmadan qarşılıqlı hörmət şəraitində həyat sürürlər.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi də daim artır. 2018-ci ildə bu, 19% idisə, bu il 23% -dən artıqdır. Ən başlıcası isə odur ki, hər iki ölkə arasında qeyri-neft məhsullarının həcmi artan temp ilə inkişaf edir.
Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr mövcuddur və 2 ölkənin hərbi-texniki əməkdaşlığı strateji xarakter daşıyır. Nəzərə alaq ki, Rusiya dünyanın ən iri silah istehsalçılarından biridir və Azərbaycan bu sahədə müttəfiqlikdən bəhrələnə bilər.
Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.