YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır

“İki ildən artıqdır ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirməklə bu bəlanın sona çatmasını səbirsizliklə gözləyir. Bəlkə də ilk vaxtlar bu mübarizə tədbirləri dünyanın əksər dövlətləri üçün möcüzə kimi görünürdü. Çünki  həmin dövrə diqqət yetirsək, hətta inkişaf etmiş dövlətlərin belə  qapanmaya üstünlük verdiklərini, mübarizə tədbirləri barədə düşünmək istəmədiklərini görərik. Qlobal mübarizə ilə bağlı ilk çağırış edənlər arasında Azərbaycan dövləti də oldu. Dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı bütün çıxışlarında bu çağırışı etdi ki,  COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Azərbaycanın, Prezident İlham Əliyevin  təşəbbüsü ilə keçirilən Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT  Baş Assambleyasının Xüsusi Sessiyası qlobal mübarizə sahəsində səylərin birləşdirilməsinə, bu bəladan az itki ilə çıxmağın yollarının araşdırılmasına xidmət etdi. Ölkəmizin bu təşəbbüslərinə verilən dəstək təbii ki, beynəlxalq münasibətlər sistemində artan nüfuzuna və  çəkisinə  söykənir. Bugünlərdə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə, eyni zamanda,    BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində videoformatda təqdim olunan çıxışında  pandemiya ilə əlaqədar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə həyata keçirilən tədbirlər geniş şəkildə  təqdim olundu”, Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən Qoşulmama Hərəkatının təşəbbüsləri diqqətdən kənarda qalmır: “Qurum əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında  BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür”.

YAP Xətai rayon təşkilatının sədri vurğlayıb ki, bu mübarizədə hər bir dövlətin səhiyyə sistemi də əsas rol oynayır: “Yaranmış vəziyyət ən inkişaf etmiş ölkələrin səhiyyəsinin pandemiyaya qarşı mübarizəyə tam hazır olmadığını nümayiş etdirdi. Azərbaycanın bu sahədə də təcrübəsi təqdir edilir. Belə ki, ilk gündən insanların sağlamlığının prioritetliyi  önə çəkilərək   səhiyyənin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar həkim heyətinin formalaşdırılması istiqamətində mühüm addımlar  atıldı. Xaricdən peşəkar həkim heyətinin mübarizəyə cəlb edilməsi də ölkəmizdə insanların sağlamlığına, ümumilikdə  insan amlinə  verilən yüksək dəyəri nümayiş etdirir. Hazırkı dövrün əsas tələbi vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsidir. Dövlət başçısı İlham Əliyevin qeyd olunan videoformatda təqdim olunan çıxışında səsləndirdiyi  rəqəmlərə diqqət yetirək. Azərbaycan peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlayıb.  Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.  Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir”.

V.Rəhimzadə bildirib ki, Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır  və inkişaf etmiş dövlətlərin ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edir.  Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bu kontekstdə Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının pandemiyanın tezliklə aradan qaldırılması ilə bağlı təşəbbüsləri davamlılığı ilə diqqət çəkir: “Beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərin birləşdirilməsi əsas amil kimi qeyd edilir. Bu fikir də xüsusi qeyd olunur ki,  Qoşulmama Hərəkatına üzv dövlətlərin, həmçinin bütün dünyanın  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda nümayiş etdirdikləri birlik, həmrəylik, səylərin birləşdirilməsi  postpandemiya dövründə də əsas çağırışlardan olacaq”.  

V.Rəhimzadə  qısa təhlil əsasında bu qənaətini açıqlayıb ki, Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir.

YAP Xətai  rayon təşkilatının sədri bu məqama da xüsusi diqqət çəkib ki,  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlananda “COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır” çağırış ediləndə  BMT-nin  bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın tapılmasında  mərkəzi rol oynayacağına böyük əminlik var idi: “Amma  pandemiyanın ilk günləri göstərdi ki, BMT  bu təhdidə qarşı mübarizəni lazımi səviyyədə  təşkil edə bilmir.  Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi  pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyət kəsb edərək bu istiqamətdə yeni bir mərhələnin başlanmasına stimul verdi. Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının da  rolu inkaredilməzdir. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir. Keçirilən beynəlxalq əhəmiyyətli   tədbirlərdə, müzakirələrdə dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi çıxışı ölkəmizə, ölkə Prezidentinə etimadın və inamın  göstəricisi, Azərbaycanın sözünün, qəbul etdiyi qərarların, irəli  sürdüyü təşəbbüslərin nə qədər əhəmiyyətli olduğunu açıqlayır. Bu uğuru ölkəmizə qazandıran   düzgün müəyyənləşdirilən siyasət, qarşılıqlı hörmət və ədalət prinsiplərinin qorunması, humanizmə verilən dəyərdir”.  

DİGƏR Xəbərlər Arxiv