YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Öz dəst-xəti ilə seçilən, milyonların sevgisini qazanan Birinci vitse-prezident

Bu gün ölkəmizi dünyada çox yüksək səviyyədə təbliğ edən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından beş il ötür. Nəinki bu beş ildə, bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyatının normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlib. Onun çoxşaxəli fəaliyyət dairəsi həyatımızın bütün sahələrinə dərindən nüfuz edib. Cəmiyyətin bütün təbəqələrinin rəğbətini və etibarını qazanan Azərbaycanın Birinci vitse-prezidenti ona həvalə edilən hər bir işə son dərəcə məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub. Mənalı ömür yolu, humanizmi, nəcibliyi və xeyirxahlığı, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada yüksək nüfuz sahibi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bəşər tarixinə öz dəst-xəti ilə daxil olub.

Birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra siyasi karyerasında yeni dövr başlayan Mehriban Əliyevanın fəaliyyətinin bəzi məqamlarına nəzər salırıq.

Azərbaycan naminə həyata keçirilən əsl vətəndaşlıq missiyası

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.

Öz nəcib təşəbbüsləri və humanistliyi ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Mehriban xanım Əliyeva bütün vədlərinə sadiq qalaraq Azərbaycan dövlətinin xarici və daxili siyasətinə layiqli töhfələr verir.

Mehriban Əliyeva, həmçinin Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna da uğurla rəhbərlik edir. Eyni zamanda, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Fondun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz Mehriban xanım Əliyevanın yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olub.

Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri seçilən Mehriban Əliyevanın musiqimizin incisi sayılan muğamların dünyada yayılması və ölkəmizdə beynəlxalq muğam tədbirlərinin keçirilməsi istiqamətində mühüm rolu var. Onun Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi dəyər hər zaman yüksək dəyərləndirilib. Mehriban Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz töhfələrinə verilən qiymətdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Bunu Birinci vitse-prezident özü belə şərh edib: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir...”. Ölkəmizdə son illər məktəblərin, uşaq evlərinin, bağçaların tikintisi və yenidən qurulması geniş vüsət alıb. Fond bu prosesdə, eləcədə tarixi və dini abidələrin bərpasında yaxından iştirak edir, nümunə göstərir. Mehriban xanımın fəaliyyəti təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına hədəflənib və əsl vətəndaşlıq missiyası kimi qiymətləndirilir. Bu dəyərin ötən beş il ərzindəki bariz nümunələrindən biri də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qızıl medalla mükafatlandırılmasıdır. O, həmçinin Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib.

Son dövrlər Azərbaycanda idmana olan dövlət qayğısı da öz bəhrəsini verməkdədir. Bu qayğının nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. İdmanın inkişafının ölkə siyasətinin prioritetlərindən biri olduğunu vurğulayan Mehriban xanım Əliyeva deyir: “İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi”. Birinci vitse-prezidentlik dönəmində Mehriban Əliyevaya daha bir ali mükafat - idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətləri müqabilində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti ölkə daxilində olduğu kimi beynəlxalq səviyyədə də olduqca yüksək qiymətləndirilir.

Beynəlxalq arenada böyük nüfuz sahibi olan ictimai-siyasi xadim

Birinci vitse-prezident Mehriban Əliyeva həm də beynəlxalq arenada böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının, dünyanın məşhur siyasətçilərinin Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşlərdə ona dərin hörmət bəslədiklərini açıq-aydın görə bilərik. Bunun da ilk növbədə başlıca səbəbi odur ki, Birinci vitse-prezident Azərbaycanın qlobal əməkdaşlığın dərinləşməsində rolunu daim artırmağa səy göstərir, xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.

Sivilizasiyalararası, dinlərarası dialoq sahəsində Mehriban xanım Əliyevanın müstəsna əhəmiyyət daşıyan xidmətləri var. Vətən müharibədə şanlı Qələbə qazanılmasında Birinci vitse-prezidentin beynəlxalq fəaliyyəti xüsusi rol oynadı. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Rusiya, Fransa, Vatikan və digər xarici ölkələrdə və Azərbaycanda kilsələrin təmir etdirilməsi, həyata keçirilən geniş humanitar işlər münaqişənin guya “xristian-müsəlman davası” olmasına dair Ermənistanın uzun illər boyu apardığı uydurma təbliğatını darmadağın etdi. Xristianların dini hisslərini qıcıqlandırmağa çalışan işğalçı ölkə istəyinə nail ola bilmədi. İşğaldan azad edilmiş ərazilərimizdə bütün dini abidələrin bərpasına başlanması bu mövqenin Azərbaycan dövlətinin siyasəti olduğunu bir daha təsdiqlədi.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi çoxşaxəli beynəlxalq fəaliyyəti ötən beş il ərzində də yüksək qiymətləndirilib. Onun İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa və Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordenlərinə layiq görülməsi, Mehriban xanıma Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin, o cümlədən mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçının təqdim edilməsi bu qiymətin əyani göstəricisidir.

Xalqını sevdiyi qədər sevilən insan

Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən Mehriban Əliyevanın beş il əvvəl Birinci vitse-prezident təyin edilməsi təsadüfi bir təyinat deyildi. Uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan bu təyinat ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn bir qərar idi. Bu düzgün qərarın faydasını Azərbaycan xalqının ayrı-ayrı təbəqələri öz həyatlarında hər zaman hiss edir.

Azərbaycan xalqı Mehriban xanımı çox sevir və ona səmimi qəlbdən inanır, çünki cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri məhz onun sayəsində canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Bu, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrini həmin problemlərin həllində iştiraka sövq edib.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, - deyən Mehriban Əliyeva ürəklərə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə yol tapıb. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Birinci vitse-prezident Mehriban xanımı köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış insanlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Ona göstərilən etimadı hər zaman layiqincə doğruldan Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, milyonların sevgisini və dəstəyini qazanmış dövlət xadimidir.