Xəbərlər
Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
Martın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hər iki ölkənin yüksək rütbəli zabitləri iştirak ediblər.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov çıxış edərək diqqətə çatdırıb ki, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə iki ölkə arasında ənənəvi əməkdaşlıq mövcuddur.
Qeyd edilib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda, 1997-ci ilin avqustunda isə İslamabadda ölkələrimizin daimi nümayəndəlikləri fəaliyyətə başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistan ölkəmizi dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Azərbaycan Respublikası da Cəmmu və Kəşmir probleminin həllində Pakistanın mövqeyini dəstəkləyir.
Pakistan İslam Respublikası Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru, general-mayor İftixar Vayna çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söz açıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.