Xəbərlər
TANAP hər kəsin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi layihə olmalıdır
ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoxstayn hesab edir ki, TANAP həm Türkiyə, həm də Avropa üçün ən yaxşı layihədir.
Amos Hoxstayn Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində deyib ki, ölkələrin tək bir enerji təchizatçısı olan ölkədən həddindən çox asılı olması heç bir zaman yaxşı hal hesab olunmur. Xüsusilə də, əgər təchizatçı ölkənin enerji siyasətindən bir vasitə olaraq istifadə etməyə meyli varsa. Bu vəziyyətin qarşısını almaq üçün həm enerji təchizatını təmin etmək, həm də enerjinin nəql edildiyi marşrutların diversifikasiyası vacibdir. Trans-Anadolu qaz boru kəməri – TANAP bu iki əsas meyarı özündə birləşdirən tək layihədir. Artıq təbii qaz, həm yeni bir təchizatçı tərəfindən, həm də yeni bir yolla gələcək. TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir.
Amos Hoxstayn bildirib ki, TANAP ilə Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına çatdırılacaq. Layihənin keçdiyi marşrut da çox əhəmiyyətlidir. Təbii qaz Ukrayna ya da Rusiyadan yox məhz Türkiyə ərazisindən keçir. Türkiyədən keçərək İtaliyaya çatdıqdan sonra Yunanıstandan Bolqarıstana qədər uzanacaq yeni bir boru xəttini inşa etmək imkanı yaradacaq. Yeni xətt Bolqarıstandan da Serbiya, Rumıniya və Macarıstana bağlanacaq.
Amos Hoxstayn qeyd edib ki, TANAP təxminən 10 ildir ki müzakirə olunan və Türkiyə, Gürcüstan və Azərbaycan hökumətlərinin böyük öhdəlik götürdükləri bir layihədir. Bu səbəbdən də TANAP hər kəsin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi layihə olmalıdır. Çünki həm Türkiyə, həm də Avropa üçün ən yaxşısı budur.