Xəbərlər
Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd olunub
Avropa Parlamentinin, Azərbaycanın, Əfqanıstanın, Pakistanın, Tacikistanın, Türkiyənin, Qırğızıstanın, Hindistanın Belçikadakı səfirlikləri və UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub.
Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçikada və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Belçika ictimaiyyətinin təmsilçiləri bayram tədbirində iştirak ediblər.
Avropa Parlamentinin prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunub.
Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa töhfə verdiyi qeyd olunub. Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd edilən bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, ölkəmizin turizm potensialını əks etdirən, eyni zamanda, Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib.