Xəbərlər
Vüqar Rəhimzadə: Şuşanın Cıdır düzü bir daha qalib Liderin hər zaman xalqına arxalandığına şahidlik etdi
“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən ötən bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri tarixi hadisə kimi dəyərləndirilir. Bu səfərlərin hər biri müəyyən sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yanaşı, dövlət başçısının bütün dünyaya ünvanladığı mesajlarla yadda qalır. 30 ilə yaxın dövrdə işğal altında qalan, hər daşı, qayası tarix olan bu torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri, dağıntıları aradan qaldırmaq, onları əvvəlki simasına daha müasir şəkildə qaytarmaq üçün atılan addımlar hər birimizi qürurlandırır, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmağımızla fəxr edirik. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun xalqını sevən, xalqına güvənən, onun inamından güc alan Prezidenti var. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər an xalqının yanında olması, xalqdan güc alması, ona arxalanması atdığı hər addımında özünü nümayiş etdirir. Son 18 ildə keçilən yola nəzər salsaq bunun bir daha şahidi olarıq. Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, dövlət başçısı Regional inkişaf proqramlarının icrasını ilə yaxından tanış olmaq üçün bölgələrə səfər edərkən əsas istəklərindən biri problemləri, insanları narahat edən məsələləri onların dilindən eşitmək, insanların arasında olub onlarla səmimi müzakrələr aparmaq olub. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasına start veriləndə, şəhərlərimizin Baş Planları hazırlananda dövlət başçısı bu fikri xüsusi qeyd edir ki, nəzərdə tutulan işlər ictimaiyyətin müzakirəsinə verilsin və sonda həmin ərazilərin Baş Planları təsdiqlənsin. Xalqına güvənən Liderin qalibiyyəti şəksizdir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.”
Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin ad günündə işğaldan azad edilmiş ərazilərimizə - Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Qarabağın tacı Şuşamıza səfərlərinin böyük mənası var: “Burada bir məqamı xüsusi qeyd edək ki, dövlət başçısı Hadrutda hərbi hissəsinin açılışında iştirak edib. Bu mühüm addım bir daha təsdiqləyir ki, müharibədən sonra da ordu quruculuğu istiqamətində atılan addımlar davamlıdır. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Ordumuzun təchizatı ən müasir silahlar, texnikalarla təmin edilir. Həm hərbi texnika ilə təminat, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayıb. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”.
“Hadrut qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycanın döyünən ürəyi Şuşaya yol açıldı” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr gedir, təhlillər aparılır: “Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımızı, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Şuşa 28 il işğal alında qalsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Gec-tez öz tarixi sahibinə qovuşacağına əmin idi. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın müstəqilliyini daimi və dönməz edən, Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyərək Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan inamın doğruldulmasıdır. Bu illər ərzində əsas amal, məqsəd ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması olub. Dövlət başçısının Şuşanın Cıdır düzündəki çıxışında bu məqamlara xüsusi diqqət yönəldilib. Möhtərəm Prezidentimiz bildirib: “Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.”
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Şuşaya budəfəki səfərinin bir özəlliyi də ondan ibarət idi ki, dövlət başçısının ad günü idi: “Prezident İlham Əliyev öz ad günlərini hər zaman Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Dövlət başçısı ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev 60 illiyini də Qarabağda - Şuşada keçirdi. Artıq bu mühüm hadisə Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirməsinin xoşbəxtliyini yaşadığını ifadə etməsinin növbəti nümayişi oldu. Son bir ildə Qarbağın tacı Şuşamıza 7 dəfə səfər edən Prezident İlham Əliyevin bu fikri də hər kəsi qürurlandırdı: Şuşa hər birimizi özünə çəkir.”
“Bu bir ildə Şuşanın Cıdır düzündə Novruz tonqalı yandırıldı, iki dost, qardaş ölkənin-Azərbaycan və Türkiyənin müttəfiqlik sənədinin imzalanmasına şahidlik edildi, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poezidya Günləri ənənəsi bərpa edildi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, belə möhtəşəm tədbirlər Qarabağda, Zəngəzurda çox olacaq. Cıdır düzündən hər zaman birlik, həmrəylik mesajı ünvanlanacaq. Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Şuşa yalnız Azərbaycanın deyil, türk dünyasının mədəniyyət mərkəzi olacaq. Xalqımız bundan sonra bu torpaqlarda əbədi yaşayacaq.