Xəbərlər
İran ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dair yeni sənədlər imzalanacaq
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yeni ildə (İranda yeni il martın 20-də başlayır) bir neçə müqavilə imzalanacaq.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu ölkə mətbuatına verdiyi açıqlamasında bildirib. Səfir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər intensiv şəkildə inkişaf edir. Təkcə ötən il ərzində İran və Azərbaycan prezidentləri 4 dəfə görüşərək qarşılıqlı münasibətlərin daha da yaxınlaşmasını və əlaqələrin genişlənməsini müzakirə ediblər. Məhz prezidentlərin siyasi iradəsi nəticəsində dövlətlərarası münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb. İqtisadi əməkdaşlığın nəticəsində ölkələrimizin ticarət dövriyyəsi 500 milyon dolları ötüb.
Azərbaycanlı iş adamlarının İranın azad ticarət zonalarında, o cümlədən Araz, Maku, Ənzəli, eləcə də Tehran və Təbriz şəhərlərindəki investisiyalarına toxunan səfir bildirib ki, onlar Məşhəd şəhərində də otel sektoruna investisiya qoymaq niyyətindədirlər.
M. Pakayin Azərbaycan, İran və Türkiyənin sərhəd qüvvələrinin komandanlarının yaxın gələcəkdə keçirəcəkləri görüşə münasibət bildirərək deyib ki, sərhədlərin mühafizəsi sahəsində üç ölkənin yaxın əməkdaşlığı sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində regional əməkdaşlığı sürətləndirəcək və bu məsələ yüksək əhəmiyyət kəsb edir.
Səfir iki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksələcəyinə əminliyini ifadə edib.