Xəbərlər
Azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq prosesi yeni inkişaf modelinin təzahürüdür
“Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilana səfəri və burada səsləndirdiyi mesajlar təkcə azad edilmiş ərazilərin bərpası ilə bağlı daxili gündəliyin bir hissəsi deyildi. Əslində, burada Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın konturları təqdim olundu. Azərbaycan artıq özünü uzun illər davam etmiş münaqişənin tərəfi kimi deyil, postmünaqişə dövrünün əsas istiqamətlərini müəyyən edən dövlət kimi təqdim edir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, əsas siyasi mesajların məhz Zəngilanda səsləndirilməsi təsadüfi deyil. Çünki bu şəhər və ümumilikdə Şərqi Zəngəzur bölgəsi hazırda Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və inkişaf siyasətinin ən aydın nümunələrindən biridir. Bir neçə il əvvəl dağıntılarla yadda qalan bu ərazilərdə bu gün yaşayış məntəqələri tikilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, müasir infrastruktur yaradılır, yeni nəqliyyat və iqtisadi layihələr həyata keçirilir. Azərbaycan məhz bu dəyişikliklər fonunda əsas siyasi mesajını verir: regionda münaqişə mərhələsi arxada qalıb və Cənubi Qafqazı yenidən qarşıdurma müstəvisinə qaytarmaq cəhdləri bölgədə yaranmış yeni reallıqlarla ziddiyyət təşkil edir.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın artıq Qarabağ məsələsi ətrafında illərlə mövcud olmuş köhnə diplomatik çərçivələr daxilində hərəkət etməməsi idi. Onun fikrincə, rəsmi Bakı hesab edir ki, ölkənin ərazi bütövlüyü məsələsi həm siyasi, həm də hüquqi baxımdan tam şəkildə həll olunub. Bu səbəbdən, Azərbaycanı region üçün təhlükə mənbəyi kimi təqdim etməyə yönələn cəhdlər süni xarakter daşıyır və daha çox müəyyən xarici dairələrin siyasi maraqlarına xidmət edir. “Cənab Prezidentin çıxışında xarici müdaxilə məsələsinə toxunulması da xüsusilə diqqət çəkdi. Son dövrlərdə Azərbaycan bəzi Avropa siyasi dairələrinin, xüsusilə Fransanın regiona yanaşması ilə bağlı narahatlığını açıq şəkildə ifadə edir. Bakının mövqeyinə görə, Ermənistanın birtərəfli şəkildə dəstəklənməsi sülh prosesinə xidmət etmir, əksinə, revanşist meyillərin güclənməsinə və normallaşma prosesinin ləngiməsinə səbəb olur”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, söhbət yalnız siyasi bəyanatlardan getmir. Azərbaycan regionda müxtəlif müşahidə mexanizmləri vasitəsilə xarici təsir imkanlarının genişləndirilməsi cəhdlərinə də ehtiyatla yanaşır. Rəsmi Bakı hesab edir ki, davamlı sülh yalnız tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, birbaşa dialoq aparması və geosiyasi himayədarlıq siyasətindən imtina etməsi şəraitində mümkündür.
Deputat qeyd edib ki, Prezidentin Zəngilanda səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətinə ünvanlanan mühüm mesaj kimi də qiymətləndirilə bilər: “Azərbaycan bir daha nümayiş etdirdi ki, regionda dayanıqlı sülhün formalaşmasını mümkün hesab edir. Lakin bunun üçün keçmiş münaqişə təfəkküründən və revanşist ritorikadan imtina olunmalıdır. Bakı kommunikasiya xətlərinin açılmasına, iqtisadi əməkdaşlığa və regional inteqrasiyaya hazır olduğunu bəyan etsə də, eyni zamanda vurğulayır ki, regionun əvvəlki qarşıdurma mərhələsinə qayıdışı mümkün deyil. Çıxışın mühüm istiqamətlərindən biri də nəqliyyat və geoiqtisadi əlaqələrin inkişafı ilə bağlı idi. Bu gün Zəngilan təkcə bərpanın simvolu deyil, həm də gələcək regional logistika mərkəzlərindən biri kimi qiymətləndirilir. Azərbaycan yeni nəqliyyat marşrutları vasitəsilə Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin möhkəmlənməsində strateji rolunu daha da gücləndirməyə çalışır. Məhz buna görə də regional kommunikasiyaların açılması məsələsi Bakıda lokal deyil, daha geniş geoiqtisadi transformasiyanın bir hissəsi kimi qəbul edilir. Bütün bunların fonunda Azərbaycanın hazırkı strategiyasının bir neçə əsas istiqamət üzərində qurulduğu aydın görünür: dövlət suverenliyinin daha da möhkəmləndirilməsi, azad edilmiş ərazilərin sürətli bərpası, beynəlxalq nəqliyyat layihələrinin inkişafı və postmünaqişə dövrünə uyğun yeni diplomatik gündəliyin formalaşdırılması”.
“Beləliklə, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan artıq regional proseslərdə xarici gündəliyə reaksiya verən tərəf deyil. Əksinə, Bakının özü yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib. Məhz bu amil bu gün Cənubi Qafqazda yaranan yeni geosiyasi balansın əsas xüsusiyyətlərindən biri hesab olunur”, - deyə deputat vurğulayıb.
