Xəbərlər
YAP nümayəndəsi Qazaxıstanın “AMANAT” partiyasının təşkil etdiyi onlayn görüşdə iştirak edib
Qazaxıstan Respublikası Parlamentinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın rəhbərliyi ilə “Bakıda təhsil alan qazaxıstanlı tələbələrlə görüş: əməkdaşlıq və imkanlar” mövzusunda onlayn iclas keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru S. Kalkamanov, “AMANAT” Partiyasının Qadınlar Qolunun üzvləri, eləcə də Bakıda təhsil alan qazaxıstanlı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Aygül Kuspan Azərbaycan ilə Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Çıxışında təhsilin cəmiyyətin inkişafında həlledici rol oynadığını qeyd edərək, bilik və təcrübə mübadiləsinin ölkələr arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini bildirib. O, xüsusilə gənc nəslin keyfiyyətli təhsil almasının gələcək inkişaf üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, regional əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni dəyərlərin qorunması və türk dünyası çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin vacibliyi də vurğulanıb.
Onlayn görüşdə çıxış edən Zəkiyyə Musayeva isə Yeni Azərbaycan Partiyası ilə Qazaxıstanın “AMANAT” Partiyası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, iki partiya arasında qurulmuş əlaqələrin qarşılıqlı etimad, siyasi dialoq və ortaq dəyərlər əsasında formalaşdığını qeyd etmiş, bu əməkdaşlığın həm regional, həm də beynəlxalq səviyyədə partiyalararası münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Eləcə də, Azərbaycanda təhsil alan xarici tələbələr üçün yaradılmış əlverişli akademik mühitin, beynəlxalq əməkdaşlıq imkanlarının və həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyi vurğulanıb. Çıxışın sonunda qardaşlıq münasibətlərinin qorunmasının və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib.
Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru S. Kalkamanov isə çıxışında təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafının vacibliyini vurğulamış, tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsinin, xaricdə təhsil alan tələbələrə göstərilən dəstəyin artırılmasının və ölkələr arasında elmi-təhsil əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi regional əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Sonda çıxış edən tələbələr Azərbaycanda yaradılmış müasir təhsil infrastrukturu, universitetlərdəki akademik imkanlar və multikultural mühit barədə müsbət fikirlərini bölüşüb. Onlar göstərilən diqqət və dəstəyə görə təşəkkür edərək, gələcəkdə Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında fəal rol oynamaq niyyətində olduqlarını bildiriblər.
