YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan Prezidentləri bölgədə sülh və rifah istədiklərini dəfələrlə vurğulayıblar

Bu gün türk dünyası üçün fərqli mənalar daşıyan vacib bir tarixdir. Bu gün, eyni zamanda, Qarabağın azadlığına gedən Vətən müharibəsinin başladığı, can Azərbaycanın şəhidlərinin anıldığı gündür. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Qarabağın artıq sülh və dirçəlişlə anılmasını arzu etdiklərini bildirən nazir deyib: "Bölgə artıq normallaşma dövrünə qədəm qoymalıdır. Artıq regional əməkdaşlığa və rifaha aparan yeni fürsətlər meydana gəlib. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndiriləcəyinə ümid edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh və rifah istədiklərini dəfələrlə vurğulayıblar".

Media nümayəndələrinin suallarını cavablandıran M.Çavuşoğlu Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulması məsələsinin Azərbaycanla müzakirə olunduğunu, bu istiqamətdə Ermənistanın xarici işlər naziri ilə heç bir görüş planlaşdırılmadığını bildirib. Qeyd edilib ki, Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bugünkü tədbirdə Əfqanıstanda baş verən son hadisələr, qanunsuz miqrasiya dalğasının, terror təşkilatlarının canlanmasının qarşısının alınması, insan haqlarının qorunması, terrorla mübarizə və digər mövzular müzakirə olunub. Müzakirələrin yekunu ilə bağlı birgə bəyanat qəbul edilib.