Xəbərlər
27 sentyabr: Zəfərə aparan yol
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Qısa müddətdə işğal altında olan şəhər, qəsəbə və kəndlərimiz düşmən işğalından azad olunmağa başlamışdır. Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı rayonlarının çox böyük hissəsi, eləcə də bu rayon mərkəzlərinin işğaldan azad edilməsi təcavüzkar erməniləri daha böyük cinayətlərər əl atmağa vadar etmişdir. Cəbhə bölgəsindən xeyli uzaqda olan Bərdə, Mingəçevir, Gəncə şəhərləri, paytaxt Bakı, eləcə də Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəməri beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş raketlərlə hədəf götürülmüşdür. Şanlı ordumuzun qəhrəman əsgər və zabitlərinin şücaəti nəticəsində düşmən istəyinə çatmamışdır. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycan Respubliaksının Prezidenti möhtərəm İlham Əliyev cənabları 2020-ci il dekabrın 2-də hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Gününü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Bu gün həmin tarixdən bir ilə yaxın vaxt keçir.
İkinci Qarabağ müharibəsində 3000-ə yaxın həmvətənimiz şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Əminik ki, müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları deyir: “Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”
Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxış edərkən Qafqazda sabitlik baxımından önəmli addımlar atıldığını bildirib və deyib: "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq", - Ərdoğan qeyd edib. Bu gün Azərbaycanın tarixi qələbəsi beynəlxalq tribunalardan qürurla səsləndirilir.
Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil çüəssisələrində öyrənilir. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı. Şuşanın erməni daşnaklarından azad edilməsi hərb tarixində yeni səhifədir. Bu səhifə hələ uzun illər öyrəniləcək. Müharibədə Ermənistan ordusunun 200-dən artıq tankının məhv edilməsi hərbi ekspertlər tərəfindən artıq tankların dövrünün sonunun çatması ilə bağlı müzakirələrə səbəb olub.
Əlbəttə, Azərbaycanın 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməsi və düşmən üzərində tarixi zəfər qazanmasında ordumuzun hərbi qüdrəti və müasir silah-sursatla təchiz olunması ilə yanaşı, xalqımızın həmrəyliyi, vətəndaşların “Dəmir Yumruq” ətrafında birləşməsi müstəsna rola malikdir. Birlik və həmrəyliyimiz, hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əsas qayəsini təşkil edir. Nəticədə dünyanın hərb tarixinə düşən Vətən müharibəsi ilə regionun taleyində yeni bir səhifə açıldı. Bununla da ordumuz Ali Baş Komandanımız İlham Əliyev cənablarının dediyi kimi “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur.” Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğuru Ali Baş Komandan masa üzərində gerçəkləşdirdi. Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan erməni daşnaklarından azad edilməklə haqq işinin yerinə yetirildiyini, BMT-nin illərdir kağız üzərində qalan tələblər yerinə yetirilmiş oldu.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərirlər.