Xəbərlər
Malik Həsənov: Vətən müharibəsi bir daha Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin təqdimatı oldu
“Zəfərimizlə başa çatan Vətən müharibəsinin başlandığı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi təsis edilən 27 sentyabr 2020-ci il tarixindən bir il ötür. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqları 30 ildə işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin məqsədlərini, ədaləti və beynəlxalq hüququ məkana və zamana görə necə tətbiq etdiklərini nümayiş etdirir. İşğalçı dövlət sülh danışıqları adı altında məkrli niyyətini həyata keçirmək üçün münaqişənin həlli prosesinin uzanmasına səylər göstərib 30 ilə yaxın dövrdə buna nail olsa da Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını da çox yaxşı bilirdi. 44 gündə Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində Azərbaycan Ordusunun Ermənistana verdiyi dərs bunun təsdiqi oldu.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
“Bu illər ərzində ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi bir an da olsun belə diqqətdən kənarda qalmadı” söyləyən millət vəkili qeyd edib ki, Heydər Əliyev siyasətini bütün istiamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində ökəmizin dünya birliyində yeri və rolu artdı, münaqişənin həlii üçün möhkəm hüquqi baza formalaşdı: “Dünyanın nüfuzlu təşkilatlarının qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Bu qətnamələr haqq işimizin Zəfərlə tamamlanmasında mühüm amil oldu. Bu fikir nəinki ölkə, beynəlxalq ictimaiyyət tərəfindən xüsusi vurğulanır ki, Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi. 28 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, ədalət bərpa edildi, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.”
M.Həsənov Vətən müharibəsinin başlandığı günlərdən cəbhədən gələn qələbə xəbərlərinin xalqımızda qalibiyyətə böyük əminlik yaratdığını xatırladaraq bildirib ki, peşəkarlıq, şücaət və fədakarlıq tələb edən döyüşlərdə rəşadətli Azərbaycan Ordusu missiyanın öhdəsindən şərəflə gəldi: “Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, ümumilikdə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından xilas oldu. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Müharibədə ağır itkilər verən, məğlubiyyətin qaçılmazlığını görən Ermənistan geri çəkilməyə, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməyə məcbur oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat işğalçı ölkənin kapitulyasiyasının təsdiqi oldu. Vətən müharibəsi bir daha göstərdi ki, kim kimdir: Ermənistan məğlub, Azərbaycan qalib ölkədir.”
Malik Həsənov böyük qürir hissi ilə bildirib ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman oğulların, şəhidlərimizin, həmçinin həlak olan mülki vətəndaşlarımızın qisası alındı: “Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onların həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır və əbədi dalğalanacaq! Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi.”
“Hazırda işğaldan azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir” söyləyən millət vəkili vurğulayıb ki, Anım Günü ərəfəsinə təsadüf edən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində dövlət başçısı İlham Əliyevin təqdim olunan videoformatda çıxışı, həmçinin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rola malikdir.