YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!

Ermənistanda hakimiyyət dəyişikliyi olur və olub, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi qəbul edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi.

Bu barədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik. 30 il ərzində bizim bütün tarixi abidələrimizi, milli sərvətlərimizi, təbii resurslarımızı talayan, dağıdan düşmənə dərs verilməli idi, yoxsa yox?!”, - deyə dövlətimizin başçısı bildirib.

Müharibədən yayınmağın mümkün olduğunu xatırladan Prezident İlham Əliyev deyib: “Müharibədən əvvəl dəfələrlə demişdim ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə dövründə də mən bunu dəfələrlə demişəm. Demişəm ki, Ermənistan rəhbərliyi bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Ancaq bunu etmədilər. 44 gündən sonra - artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!”.