Xəbərlər
Pərvin Kərimzadə: Vaqif Poeziya Günlərinin keçirilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut etdi
Avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə təşkil olunan Vaqif Poeziya Günləri yeni reallığı nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübuta yetirdi.
Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada məqbərənin açılışı olmuşdur. Şuşa şəhərinin işğal olunması ilə Vaqifin məqbərəsi dağıdıldı, Vaqif Poeziya Günlərinin keçirilməsi mümkün olmadı. Böyük Qələbəni bizlərə bəxş edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindən oldu. Dövlətimizin başçısının “Əziz Şuşa, sən azadsan” sözləri böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib. “Şuşa işğaldan azad olundu" sözləri insanların qulaqlarından hələ də getməyib.
Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən söylədiyi “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim” fikri Şuşanın mədəniyyət paytaxtı elan olunması ilə bir daha öz təsdiqini tapdı.
“Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Prezident İlham Əliyev bu qədim şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini özünə qaytardı. Azərbaycana Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Rəşid Behbudov kimi şəxsiyyətlər bəxş edən şəhərin dəyəri, qiyməti bütün dünyaya bir daha bəyan edildi. Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi.
“Şuşanın bərpası yanvarın 14-də başladı və 7 ay ərzində böyük işlər görüldü. İlk növbədə, inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilən Zəfər yolu çəkildi. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol inşa edilir, Şuşanın elektrik təsərrüfatı, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı”.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz bərpa olundu. Otuz ilə yaxın müddətdə işğal altında olmuş ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Artıq tarixi ədalət bərpa olunub, işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Ölkə Başçısının rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Şuşaya qaytarılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xarıbülbül festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, yenə də Heydər Əliyev Fondu tərəfindən Vaqifin məqbərəsinin bərpası tarixi ədalətin bərqərar olmasının daha bir təsdiqi, Qarabağa qayıdışımızın təntənəsi oldu.