YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını sərt şəkildə pisləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan rəsmilərinin Azərbaycan ərazilərində separatçılığı qızışdıran bəyanatlarına dair məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən daxil olan məlumatda bildirilib: Ermənistanın Baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik.

Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüzkar siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir.

Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.

Ermənistan hələ 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürmüş və təcavüzkar separatçılığı dəstəkləyib. Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.

Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci il dekabrın 10-da Qarabağda separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər.

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər.

Bu və digər faktları, Ermənistanın əsassız və destruktiv mövqeyini, beynəlxalq təşkilatların qərarlarını uzun illər ərzində dəfələrlə rəsmi bəyanatlarımızda səsləndirdik. Onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirdik. Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaqdır.

Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə, bu mövqe Ermənistanı səfalətə sürükləyir”.

DİGƏR Xəbərlər Arxiv