Xəbərlər
Malik Həsənov: Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
“Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son 18 ildə yeni hədəflərə doğru inamla irəliləyərək tarixini uğurlu səhifələrlə daha da zənginləşdirməkdədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin davamlı inkişafının təmin edilməsində böyük əməyi vardır. Mehriban xanım Əliyeva peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır. Dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında, yeri və mövqeyinin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin, tədbirlərin rolu böyükdür.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin inkişafı istiqamətində gördüyü işlərdən geniş bəhs edərək bu mühüm məqamı xüsusi qeyd edib ki, xalqımızın yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilib.
Millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinin xüsusi yer tutduğunu önə çəkərək diqqəti Azərbaycanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr etməsinə yönəldib: “30 ilin işğalına son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək, soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıtmalarını təmin etmək prioritet məsələ kimi öndə olmuşdur. Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərlə hər görüşündə bu əminliyi ifadə edirdi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu istəyimizə qovuşacaq, Qarabağımız tarixi sahiblərinə qayıdacaq. Təbii ki, bu əminliyə əsas verən amillər mövcud idi. Tarixi Zəfərimizdən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri özündə sevinc, qürur hisslərini, bu xoşbəxliyi xalqımızla bölüşmək istəklərini ehtiva edir. Mehriban xanım Əliyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan hərbçilərə qayğı göstərir, onların müalicəsi yüksək səviyyədə təmin edilir.”
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsinə diqqət yönəldən Malik Həsənov bu mühüm hadisəni Zəfər yürüşümüzün təntənəsi kimi qeyd edib: “Mədəniyyət paytaxtımız Şuşa 28 ildən sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun yüksək səviyyədə təşkil etdiyi bu tədbir bir daha Azərbaycanın tolerantlığın ünvanı olduğunu dünyaya nümayiş etdirdi. Zəfər sevincimiz iki gün davam edən festivalın təşkilatçılığında özünün aydın ifadəsini tapmışdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı.”
Millət vəkili Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən digər tədbirlərdən, xüsusilə ilk Avropa və IV İslam Həmrəyliyi Oyunlarından bəhs edərək bildirib ki, hər bir tədbirdə məqsəd Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirmək, dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr etmək olub. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki mühüm missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır.
M.Həsənov bildirib ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ümumilikdə Vətəninə və xalqına bağlılığının təqdimatıdır. Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülməsi özündə bütün məqamları ehtiva edir.