Gündəm
Prezident İlham Əliyev: Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri ictimai-siyasi sabitlikdir
Son illər Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.
Bunu Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
İnvestorları cəlb edən digər amillər barədə danışan dövlətimizin başçısı deyib: “Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir”.
Prezident qeyd edib ki, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. “Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.