Xəbərlər
Vüqar Rəhimzadə: İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir
“Azərbaycan 44 gündə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi. Tarixi ədalətin bərpası istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xarici mətbuata müsahibələrinə, beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarına, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində ünvanladığı mesajlara diqqət yetirsək görərik ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi səhifəsi bağlanıb, ölkəmiz gələcəklə yaşayır. Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan keçmişlə yaşadığı üçün hələ də siyasi, iqtisadi böhran içərisində çabalayır. İşğalçı Ermənistana və havadarlarına keçilən tarix və hüquq dərsləri Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində Qələbəsinin təqdimatı oldu. 26 iyun-Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar da bugünədək ən yüksək tribunalardan bəyan edilən, heç bir zaman dəyişməyən mövqeyimizin, ölkə Prezidentinin sərkərdəlik, liderlik məharətinin nümayişidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana yeni dövrün reallıqlarına uyğun olaraq yeni şərtlərini ünvanladı: Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir.»
Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısının nitqində də bu məqam xüsusi qeyd edilir ki, münaqişə ilə bağlı yeni səhifə açılsa da, heç nəyi unutmamışıq. Azərbaycan gəncliyinin milli, vətənpərvərlik ruhunda tərbiyəsi günümüzün əsas çağırışlarındandır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Xalqımız illərdir ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarını unutmur. Şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirlər, təhqir edilmiş məscidlər necə unudula bilər? Ermənilər məscidlərimizdə donuz saxlamaqla bütün islam dünyasını təhqir etdi. Bunları unutmağa mənəvi haqqımız yoxdur. Ermənistan hakimiyyəti illərdir öz ideologiyalarını əsassız iddialar üzərində qurmuşdular. Əsrlər boyu gənc nəsil düşmənçilik ruhunda tərbiyə edilib, düşmənçilik, nifrət toxumları səpilib. Bu düşmənçiliyin hansı faciələrə səbəb olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə Ermənistan silahlı qüvvələrinin iki dəfə Gəncədə, Bərdədə və Tərtərdə törətdikləri insanlığa qarşı cinayət aktlarına diqqət yetirmək kifayətdir. Mayasında yalan, hiylə və xəyanət olan ermənilər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə etdilər. Məqsəd erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətinə haqq qazandırmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərindən yayındırmaq və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq idi. Ermənilər və onların havadarları unudurdular ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qalmışdı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyildi. Beynəlxalq çərçivədə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdikləri təsdiqləndi. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. Ermənistan kapitulyasiya aktına imza atdı.»
Baş redaktor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi zamanı informasiya mübarizəsinin əsas tərkib hissəsi olan xarici mətbuata çoxsaylı müsahibələrində də Almaniyanın ARD televiziya kanalının jurnalistinin qərəz dolu suallarını cavablandırarkən bəyan etmişdir ki, Dağlıq Qarabağ ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Azərbaycan ədaləti bərpa edir və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.
«Azərbaycan qalib, Ermənistan məğlub ölkə kimi tarixə yazıldı» söyləyən baş redaktor vurğulayıb ki, 26 iyun-Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd etdik: «Azərbaycan Ordusu dövlətimizn başçısı İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazdığı üçün qürurlu idi. Yeni reallıqları yaradan Azərbaycan reallıqlara uyğun şərtləri diktə edir. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin «Biz nəyi nə zaman etmək lazım olduğunu bilirik» tezisinin nümayişidir. Azərbaycan gücləndi, dünyaya ədalət, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu sübut etdi, yeni reallıqlar yaratdı. Reallıq budur ki, Azərbaycana Ermənistan lazım deyil, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələri icra edib. Ermənistan ilk növbədə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun.»
V.Rəhimzadə onu da qeyd edib ki, Azərbaycanın təqdim etdiyi sülh modeli ilə humanizm siyasətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir: «Azərbaycana müharibə lazım deyil. Ölkəmiz istədiyinə nail olub. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə böyük inkişaf qaçılmazdır. İmzalanan sənədlər, keçirilən təlimlər də bunun təsdiqdir. Ermənistan yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etməsi mümkünsüzdür. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.»