YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur

        “Biz otuz il ərzində əzəli torpaqlarımızın həsrətilə yaşadıq. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə olmaqla yanaşı, böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu. Ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, sənaye potensialı məhv edilmiş vəziyyətə düşdü. Lakin bütün bunlara rəğmən son nəticədə Dağlıq Qarabağ münaqişəsində daha çox uduzan məhz erməni tərəfi oldu. Bunun isə iki əsas səbəbi var. Birincisi budur ki, bütün bu məsələlərdə haqq-ədalət hər zaman Azərbaycan tərəfində olub. İkinci səbəb isə budur ki, Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev öz xalqını sevən və öz ölkəsinin mənafeyləri uğrunda hər zaman özünün siyasi iradəsini və qətiyyətini ortaya qoymağı bacaran müdrik bir şəxsiyyətdir.” Bu sözləri yap.org.az saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

        Millət vəkili bildirib ki, qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə bu ölkəni artıq bundan sonra məğlub ölkə kimi yaşamağa məhkum etdi: “Birmənalı olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir və bu şanlı Zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on səkkiz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin və xalqımızın sonsuz dəstəyinin, qəhrəmanlığınin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir. 30 il ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu.

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində, Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Müharibə nəticəsində işğalçı Ermənistan ordusu məhv edildi. Ermənistan özü isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.”

        Daha sonra Kamaləddin Qafarov Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amillər barədə danışıb. Millət vəkili deyib ki, 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı hazırlıq işləri həlledici rol oynayıb: “Bu gün 2003-cü ildən Vətən Müharibəsinin başlandığı günə qədər keçən dövrə mövcud reallıqlar prizmasından baxdıqda, 17 il davam edən bu zaman kəsiyinin ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olduğunu aydın görmək olar. İşğalın davam etdiyi 30 il ərzində nə  qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Ölkə Prezidenti cənab İlham Əliyev idi. 

      Möhtərəm Prezidentimiz bizim müharibəyə hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, məsələ sülh yolu həll olunmazsa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Əlbəttə ki, bu kimi bəyanatlara görə cənab Prezidentə qarşı güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

       Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini deyirdi. Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan heç zaman çəkinmədi və ona ünvanlanan ittihamlara cavab olaraq birmənalı şəkildə bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!”

       Beləliklə, 2003-2020-ci illər ciddi hazırlıqlar dövrü oldu. Sözsüz ki, həyata keçirilən hazırlıq işlərinin ən mühüm istiqamətlərindən biri də iqtisadi sahə idi. Ölkənin iqtisadi gücü olmasa heç nə etmək mümkün deyil. Eyni zamanda da bir ölkənin iqtisadi müstəqilliyi həm onun öz ərazi bütövlüyünü qorumaq baxımından, həm də siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim bəyan edirdi ki, iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Əgər biz iqtisadi cəhətdən müstəqil və qüdrətli olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Hərbi əməliyyatların gedişində müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Məhz bu ciddi hazırlıqlar nəticəsində Azərbaycan bu gün tarixdə ilk dəfə olaraq öz Silahlı Qüvvələri Gününü qalib ölkə kimi qeyd edir.”

        Kamaləddin Qafarov bildirib ki, əgər Ermənistan özünü bundan sonra daha böyük fəlakətlərə düçar etmək istəmirsə, o zaman bu ölkə yaranmış yeni reallıqları birmənalı qəbul etməli və ilk növbədə öz qonşuları ilə normal münasibətlər formalaşdırmaq üçün ciddi səylər göstərməlidir: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra daha da güclənəcək, bizim hərbi gücümüz artacaq. Ermənistanın isə, nəinki hərbi gücünü və məhv edilmiş ordusunu bərpa etmək imkanı, hətta sadəcə iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Buna görə də Ermənistan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli və “Dəmir yumruğ”un növbəti zərbəsinə öz ölkəsini məruz qoymamağa çalışmalıdır. Əslində Vətən Müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar Ermənistan üçün də tarixi bir fürsət kimi dəyərləndirilməlidir. Əgər bu ölkə öz sərsəm fantastik ideyalarından, qonşu ölkələrə, qonşu xalqlara qarşı absurd ərazi iddialarından əl çəkə bilsə, bu zaman onun da yeni iqtisadi əməkdaşlıq formatlarına qatılması müzakirə mövzusu ola bilər. Əks halda isə, Ermənistanın bir ölkə kimi mövcudiyyəti sual altına düşə bilər.”

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv